Ekspert:  İnflyasiyanın idarə edilməsi çətinləşəcək

Ekspert: İnflyasiyanın idarə edilməsi çətinləşəcək

Yenisabah.az saytında «Ərzaq mallarının qiyməti sürətlə bahalaşacaq» sərlövhəli yazı yer alır.
 
Yazıda prezidentin imzaladığı sərəncamla bu il sentyabrın 1-də minimum əməkhaqqının 180 manatdan 260 manata qaldırılması və bütünlükdə bir sıra sahələrdə maaş artımı ilə bağlı iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verilib. «Ərzaq qiymətlərinin artımı, ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır. Manatın devalvasiyası risklərin necə idarə olunmasından asılı olacaq», - Q.İbadoğlu qeyd edib.
 
İqtisadçının vurğulamasına görə, 2019-cu ilin büdcəsində yalnız ilin əvvəlində minimum əməkhaqqı, təqaüd və müavinətlərə edilən artımlar nəzərə alınıb. Onun qeyd etməsinə görə, bu günlərdə verilən sərəncamlardan sonra büdcədə nəzərdə tutulanla müqayisədə ən azı 5 dəfə artıq vəsaitin xərclənməsi gözlənilir: «Bu, təbii ki, ilk növbədə fərdi kontekstdə alıcılıq qabiliyyətinin, ümumi müstəvidə isə məcmu tələbin artımına gətirib çıxaracaq. Təbii ki, bundan istehsalçılar və idxalatçılar bəhrələnmək üçün qiymətləri həvəslə artıracaqlar...Odur ki, qiymətlərin artımı, ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır. Xüsusilə də ərzaq mallarının qiyməti daha sürətlə bahalaşacaq».
 
Q.İbadoğlunun fikrincə, devalvasiyaya gəlincə, bu sahədə də risklər artacaq və onun idarə edilməsi çətinləşəcək: «Çünki bir tərəfdən istehlak məhsullarına artan ehtiyac, əsasən, idxal malları hesabına ödəniləcək, bu isə ölkədə valyutaya tələbatı çoxaldacaq. Digər tərəfdən də dünya bazarında xam neftin qiymətinin ucuzlaşması ölkəyə ixracatdan gələn valyutanın həcmini azalda bilər. Beləliklə də, iqtisadiyyatın və istehlakçıların taleyi dünya bazarında neftin qiymətindən və antiinflyasiya istiqamətində hökumətin görə biləcəyi tədbirlərdən asılı olacaq...».
 

Google+ WhatsApp ok.ru