Qarabağ Azadlıq Təşkilatı Gürcüstan parlamentinin sədrinə məktub göndərib

Qarabağ Azadlıq Təşkilatı (QAT) Bakıda səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşviliyə məktub ünvanlayıb. Bu barədə Maide.az-a QAT-ın mətbuat xidmətindən məlumat verilib.
 
Məktubda QAT sədri Akif Nağının Gürcüstan üçün arzuolunmaz şəxs elan edilməsi, erməni təxribatı və digər məsələlərə cavab verilməsi istənilir: “Bakıda səfərdə olmağınızdan istifadə edərək Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirəcək bir məsələ ilə bağlı Sizə müraciət edirik. Belə ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bir ay bundan əvvəl heç bir səbəb gətirilmədən Gürcüstan üçün arzuolunmaz şəxs elan edilib. O, bu il iyunun 6-da Türkiyəyə səfərdən qayıdarkən Gürcüstanın Sarpi keçid məntəqəsindən buraxılmayıb. Biz Naxçıvan vasitəsilə Bakıya qayıtdıqdan sonra Gürcüstanın xarici işlər nazirinə, Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciət etmişik, lakin heç bir rəsmi cavab almamışıq. Əldə etdiyimiz qeyri-rəsmi məlumatlara görə, bu, Akif Nağı başda olmaqla Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvünün bu il mayın 14-dən 21-dək Gürcüstana səfəri, orada müxtəlif görüşləri ilə bağlıdır. Bizə belə  bir xəbər çatıb ki, guya bizim oraya səfərimiz Gürcüstan-Ermənistan münasibətlərinə xələl gətirə bilər».
 
Müraciətdə qeyd olunub ki, QAT Azərbaycan-Gürcüstan münasibətlərinin bütün istiqamətlərdə inkişafının tərəfdarıdır və onların səfərləri bu münasibətlərin möhkəmləndirilməsinə xidmət edir: «Bizim Gürcüstana səfərlərimizin Gürcüstan-Ermənistan münasibətlərinə zərər vura biləcəyini bilmirik. Amma Təşkilatımızın sədrinin və üzvlərinin Gürcüstana girməsinə hökumətiniz tərəfindən qadağa qoyulması Azərbaycanla Gürcüstan arasındakı xoş münasibətlərə heç cür yaraşmır və bu münasibətlərə xələl gətirə bilər».

Google+ WhatsApp ok.ru