İqtisadçı: `Təxminən  20 mlrd. manat gizli  iqtisadiyyatın payına düşüb`

İqtisadçı: `Təxminən 20 mlrd. manat gizli iqtisadiyyatın payına düşüb`

 “Ötən il Azərbaycanda gizli iqtisadiyyatın Ümumi Daxili Məhsulda (ÜDM) xüsusi çəkisi 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə dəyişməyərək 30 faiz olub”. 
 
Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin açıqladığı hesabatda belə deyilir. 
 
Dünya Bankının ekspertləri isə göstərir ki, Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın payı ÜDM-in 40 faizinə çatır.
 
“Turan” yazır ki, ölkədə gizli iqtisadiyyatın əsas komponentləri bunlardır: göstərilməmiş gəlirlər (42,1 faiz); "zərf" maaşları (40,2 faiz); qeyri-leqal məşğulluq (17,7 faiz) .
 
Rəsmi məlumatlara görə, ötən il ölkənin ÜDM-i 3,8 faiz azalıb. Onun nominal həcmi 59,988 mlrd. manat təşkil edib. Belə enmə tikinti sahəsində istehsalın azalması ilə şərtləndirilmişdi.
 
Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayevin sözlərinə görə, keçən il ÜDM-in həcmi təxminən 60 mlrd. manat təşkil edibsə və bunun 30 faizi gizli iqtisadiyyatın payına düşübsə, onda belə çıxır ki, ölkəmizdə təxminən 20 mlrd. manat "gizlisinə" gedir: 
 
“Miqyasına görə əvvəlkindən fərqlənən indiki böhran struktur dəyişiklikləri və mərkəzləşməsinin baş verdiyi, gəlirlərinin isə azaldığı gizli iqtisadiyyatı da bürüyüb. Xəlvəti iqtisadiyyatın böyük payı iqtisadi və vergi sistemlərinin mükəmməl olmaması, həmçinin inhisarçılıqla bağlıdır”.
 
Nəriman Ağayev deyir ki, inzibati tədbirlər, vəziyyətə güc müdaxiləsi problemi həll etmir, əksinə vəziyyəti pisləşdirir: 
 
“Axı bu şəraitdə insanları yeni layiqli iş yerləri ilə təmin etmək üçün hökumət vətəndaşlara alternativ variantlar təklif etmək, real iqtisadiyyatı inkişaf etdirmək iqtidarında deyil”. 
 
İqtisadçı Samir Əliyev isə deyir ki, ölkənin iqtisadi potensialı və büdcəsi arasında yaranmış disbalans gizli iqtisadiyyatın nəticəsidir:
 
“Xəlvəti iqtisadiyyatın səviyyəsinin azaldılması üçün qanunvericilik bazasını təkmilləşdirmək, elektron hökumətin fəaliyyətini genişləndirmək, nağdsız hesablaşmalara daha fəal keçmək lazımdır. Bu istiqamətdə müəyyən addımlar atılır, amma nəzərə çarpan dəyişikliklər haqda danışmaq tezdir. Azərbaycanda nağdsız hesablaşmalar 7-10 faiz təşkil edir. Halbuki bir sıra Avropa ölkələrində bu rəqəm 80-90 faizə çatır. Bundan başqa, özəlləşdirməni sürətləndirmək və özəl sektoru inkişaf etdirmək lazımdır, xüsusilə nəqliyyat və kommunal xidmətlər sahəsində”.
 
İqtisadçının fikrincə, iri və xırda sahibkarlar vergilərdən yayınmaqla, əvvəlki kimi, ölkədə gizli iqtisadiyyatın xüsusi çəkisinin böyük olmasına bais olurlar: 
 
“Bu isə qeyri-bərabər rəqabət mühiti yaradır, ümumiyyətlə iqtisadiyyatın inkişafına mənfi təsir göstərir. Biznes-mühitdə vergiləri ödəməməyin də mümkün olması haqda mifi dağıtmaq lazımdır. Amma dövlət də göstərməlidir ki, vergilər səmərəli və şəffaf surətdə xərclənir. Gizli iqtisadiyyatın payını vergi islahatları kontekstində də qiymətləndirmək lazımdır”.(meydantv)
 

Google+ WhatsApp ok.ru