Qubad İbadoğlu: Azərbaycanda hotel qiymətləri bahadır

Qubad İbadoğlu: Azərbaycanda hotel qiymətləri bahadır

-- Regionlara investisiya qoyulmasına baxmayaraq...

“Regionlara kifayət qədər investisiya qoyulmasına, infrastruktur (hava limanları tikilməsi və s.) yaradılmasına baxmayaraq, Bakı yenə turistlər üçün cəlbediciliyi baxımından üstünlüyünü saxlayır. Mehmanxanalarda gecələmələrin 60 faizə qədəri Bakının payına düşür. Beləliklə Azərbaycanda paytaxt hotel biznesində hökmran mövqeyini hələ də qoruyub saxlayır”.
 
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADRH) sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin ilk rübündə ölkə üzrə mehmanxanalarda 586,0 min gecələmə olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,0 faiz çoxdur. Gecələmələrin 58,0 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 8,6 faizi Qusarda, 4,8 faizi Naftalanda, 3,8 faizi Naxçıvan Muxtar Respublikasında, 3,7 faizi Qubada, 1,0 faizi Gəncədə, hər birində 0,8 faiz olmaqla Lənkəranda və Masallıda, hər birində 0,5 faiz olmaqla Tovuzda və Qazaxda, 7,8 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb. Hoteldə 1 gecənin orta qiyməti 124,7 manat, təxminən 75 dollar olub. DSK-nın məlumatına görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 439,8 min təşkil edib.
 
“Bu, ümumi gecələmələrin 75,1 faizini təşkil edir. Gecələmələrin 18,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 14,0 faizi Rusiya Federasiyası, 9,4 faizi İran, 4,9 faizi Türkiyə, 4,4 faizi ABŞ, 3,7 faizi Qətər, 3,3 faizi Böyük Britaniya, 3,1 faizi Küveyt, 1,6 faizi Ukrayna, 1,5 faizi Almaniya, 0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 34,3 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb”.
 
Məlumatda həmçinin bildirilir ki, cari ilin birinci rübündə mehmanxanaların gəlirləri 73,1 milyon manat olub. Onun 64,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,5 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 4,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
 
Qubad İbadoğlu deyir ki, Azərbaycanda hostel və gündəlik ev kirayəsi biznesi geniş yayılmadığına görə, ölkəyə gələn turistlərin sayı hesablanarkən mehmanxanalarda gecələyənlərin sayı əsas götürülməlidir. Bu hesabla, hətta nəzərə alsaq ki, mehmanxanada gecələyənlərin hamısı turistlərdir (halbuki onlar arasında Azərbaycana işgüzar səfərlərə gələnlər də vardır) yenə də bu il ərzində ölkəni ziyarət edəcək turistlərin sayının 2 milyon nəfəri ötməyəcəyini demək olar:
 
“Halbuki, Gürcüstan bu il 7,5 milyon nəfər turist cəlbini hədəfləyir. Regionlar arasında daha çox sərmayə yatırılmış Qəbələ, Qusar və Naftalanın birlikdə hotel bazarında payı 23,1 faiz olub. Güman edirəm ki, yay mövsümündə paytaxt və regionlar arasında hazırkı nisbət ikincinin xeyrinə dəyişəcək”.
 
İqtisadçı deyir ki, mehmanxanalarda gecələyən əcnəbilərin milli tərkibinə görə ərəblər, ruslar, farslar və türklər üstünlük təşkil edib. Bu isə son zamanlar müşahidə olunan ərəb axınının effekti hesab oluna bilər:
 
“Belə ki, yalnız bir ölkədən gələn ərəblər ruslardan birinciliyi alaraq, mehmanxanalarda gecələyən əcnəbilər arasında 18,3 faizlə önə çıxıb. Burdan çıxan digər nəticə isə Azərbaycana Qərbdən (ABŞ, Avropa) və Şərqdən (Yaponiya, Çin və Hindistan) gələn turistlərin sayının azlıq təşkil etməsidir. Bundan əlavə, mehmanxana gəlirlərinin üçdə biri əsas fəaliyyətdən deyil. Əlavə xidmətlərdən əldə edilib. Onlar arasında müalicə və sağlamlıq xidmətləri və digər xidmətlərin də müəyyən xüsusi çəkiyə malik olub. Görünür, müalicə və sağlamlıq xidmətləri sahəsində Naftalanın rolu artır. Bununla yanaşı digər xidmətlərin nədən ibarət olması da maraq doğurur”.
 
İqtisadçı bildirir ki, bu ilin 1-cü rübündə mehmanxanaların gəlirləri 73,1 milyon manat və orda gecələmələrin sayı 439,8 min təşkil edib. Onda 1 gecənin orta qiyməti 124,7 manat və ya təxminən 75 dollar təşkil edib. Bu da Azərbaycanda hotel qiymətlərinin hələ də baha olmasını təsdiq edir: “Nəhayət, bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə mehmanxanada gecələyənlərin sayının 24,0 faiz artması bu sektordan bələdiyyə büdcəsinə də ödəmələrin çoxalmasını da şərtləndirməlidir. Çünki, yerli (bələdiyyə) vergi və ödənişlərin mənbələrindən biri də bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişdir. Qanuna görə, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanıb bələdiyyə büdcəsinə köçürülməlidir”.
 
Qubad İbadoğlu deyir ki, ilin birinci rübündə bələdiyyə büdcəsinə yalnız bu mənbədən 600 min manata qədər vəsait daxil olmalıdır. Əslində bələdiyyə büdcəsində bu mənbədən daxil olmalar da ciddi artım qeydə alınmayıb:
 
“Bu isə o deməkdir ki, mehmanxanalar yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa düzgün əməl etmirlər”. (meydantv)
 

Google+ WhatsApp ok.ru