Səud rejimi Yəməndə 5 günlük atəşkəs istədi, Husilər qəbul etmədi

Səudiyyə Ərəbistanı və müttəfqilərinin Yəmənə bir neçə aydır davam edən təcavüzü ərzində üçüncü dəfə atəşkəs elan edilib.
 
Maide.az xəbər verir ki, 5 günlük atəşkəs dünən gecə 23:59-da başlamalı idi. Lakin ölkədə diktatura rejiminə qarşı mübarizə aparan şiə Husilər atəşkəs təklifini qəbul etməyiblər.
 
Məlumata görə, atəşkəsin elan edilməsindən məqsəd ölkəyə tibbi ləvazimatların gətirilməsi ilə bağlıdır. Husilərin humanitar atəşkəs çağırışını rədd etməsi ilə ölkənin ən böyük hərbi hava bazası uğrunda yeni döyüşlər baş qaldırıb.
 
Husi komandiri Abdul-Malik Əl-Husinin sözlərinə görə, atəşkəs yalnız İŞİD və Əl-Qaidə yaraqlılarına sərf edəcək.
 
Hazırda Husilər və Səudiyyənin başçılıq etdiyi qüvvələr Yəmənin əsas liman şəhəri olan Ədəndəki hərbi hava bazası uğrunda döyüşür. Son 4 ayda baza Husi hərəkatının əlində olub.
 
Xatırladaq ki, daha öncə 12 may və 10 iyul tarixlərində də atəşkəs elan edilmişdi. Lakin Səudiyyə Ərəbistanı əsgərləri atəşkəsə məhəl qoymayaraq, insanları qətlə yetirmişdi.
 
Qeyd edək ki, Səud rejimi Yəməndə diktatura rejiminə qarşı mübarizə aparan şiə Husilərə qarşı bir neçə aydır əməliyyatlar həyata keçirir. Döyüşlər nəticəsində 3500-dən çox insan həlak olub və Yəmən prezidenti Əbdu Rabu Mansur Hadi Səudiyyə Ərəbistanına qaçmağa məcbur olub./

Google+ WhatsApp ok.ru