Yəmənlilərin əks-hücumunda Səudiyyə Ərəbistanının 3 hərbçisi ölüb

Yəmən ordusu və husilər ötən gün Səudiyyə Ərəbistanı ordusunun sərhəd bölgəsindəki mövqelərini qrad raketləri və qumbaraatanlardan hədəfə alıb.
 
SalamNews-un Səudiyyə Ərəbistanının VAS İnformasiya Agentliyinə istinadla verdiyi xəbərə görə, hücum nəticəsində Cizan bölgəsində iki, Əsir bölgəsində bir səudiyyəli hərbçi həlak olub.
 
Səudiyyə Ərəbistanının Yəmən ərazisinə hava zərbələri ötən gün də davam edib; Yəmənin Ləhic Həcca və Səda əyalətləri qarşı tərəfin qırıcıları vasitəsilə bombalanıb.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Yəmənə hücumu artıq dördüncü ayına daxil olub.
 
Yeri gəlmişkən, "Al Mayadeen" televiziya kanalı Yəmən husilərinin “Ənsarullah” hərəkatı nümayəndələrinin Oman Sultanlığının paytaxtı Maskatda Abdu-Rabbih Mansur Hadiyə tərəfdar olan cənub rəsmiləri (Yəmənin cənubundakı separatçı qüvvələr) ilə danışıqlar apardıqları barədə məlumat yayıb.
 
Mənbə, həmçinin bildirib ki, hazırda Yəməndəki daxili qüvvələr ölkəni idarə etmək üçün rəyasət şurası və milli hökumətin təsisi istiqamətində məşvərət aparırlar./

Google+ WhatsApp ok.ru