Şəmkirdə polis əməkdaşları qəza törədib

Ötən gecə Şəmkir rayonu ərazisində bir-birinin ardınca iki yol qəza hadisəsi baş verib. Qəzalar zamanı 1 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Hər iki hadisənin iştirakçısı polis əməkdaşı olub.
 
Hadisə ötən gün axşam saat 22:00 radələrində baş verib. Sumqayıt şəhər sakini 30 yaşlı Orxan Aslanov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Bakı-Qazax magistralının 405-ci km-də Şəmkir rayon ərazisindən keçən hissəsindən hərəkət edərkən qəza törədib. Orxan Aslanov 62 yaşlı Şəmkir rayon sakini Saleh Hüseynovun idarə etdiyi VAZ 2107 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-ın sürücüsü dünyasını dəyişib. “Hyundai Sonata”nın sürücüsü ilə ailə üzvləri 62 yaşlı Zibeyda, 59 yaşlı Tahir və 24 yaşlı Nigar Aslanovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini orta ağır qiymətləndirirlər. Qeyd edək ki, Orxan Aslanov işləyir.
Elşən Quliyev- həkim: “Bizə avtoqəza nəticəsində 4 nəfər xəstə daxil olub. Bir nəfər isə hadisə yerində dünyasını dəyişib. Yaralılardan ikisi ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Bir nəfər Zibeydə Aslanovanın müayinə və müalicəsi şöbədə davam etdirilir. Vəziyyəti orta ağırdır”.
 
Şəmkirdə daha bir yol qəza hadisəsi isə Qasımalılar kəndi ərazisində qeydə alınıb. Kəlbəcər rayon Polis Şöbəsinin zabiti Oktay Muradov idarə etdiyi VAZ 21099 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Nəticədə sürücü yaralı halda xəstəxanaya çatdırılıb. Polis mayoru Oktay Muradov sükan arxasında sürücülük hüququ olmadan əyləşməklə yanaşı, ağır dərəcəli sərxoş olub. Hər iki hadisənin təfərrüatları Şəmkir rayon Prokurorluğunda araşdırılır.

Google+ WhatsApp ok.ru