Bakıda şagird sinif yoldaşını güllələdi -YENİLƏNİB

Bakıda orta məktəbdə şagird dərs vaxtı sinif yoldaşını güllələyib. Hadisə 7-ci sinifdə əmək texnologiyası dərsində baş verib. Yaralı şagirdi müəllimlər dərhal xəstəxanaya aparıblar. Həkimlərin vaxtında müdaxiləsi ilə onun həyatını xilas etmək mümkün olub.

Məktəbli dərs vaxtı sinif yoldaşını güllələyib.

Hadisə Bakıda Qaradağ rayonu Lökbətan qəsəbəsində 106 saylı orta məktəbdə baş verib. 7-ci sinif şagirdi əmək texnologiyası dərsi zamanı müəllim Hidayət Qurbanova məxsus pnevmatik tüfənglə ehtiyatsız davranıb. Bu zaman silahdan atəş açılıb və şagirdlərdən birini yaralayıb.

Dərhal müəllimlər yaralı şagirdi 1 saylı şəhər xəstəxanasına gətiriblər, onu xilas etmək mümkün olub. Hazırda vəziyyəti normaldır.

106 saylı məktəbin direktoru Təranə Qasımova isə açıqlamasında deyib ki, müəllim silahı özü üçün alıb. ''Bir müddət öncə o silahı başqa bir adama satıb. Həmin adam da bir müddət sonra silahı qaytarıb. Hidayət müəllim də silahı sinifdə qoyub ki, gedəndə evə aparsın. Uşaqlar da nə olduğunu yoxlayanda qəfildən silah açılıb. Direktorun sözlərinə görə bu, odlu silah yox, sancaq tipli patron olub.

Bakı Şəhər Təhsil idarəsi isə hadisə ilə bağlı daxili nəzarət sektoru tərəfindən araşdırma aparıldığını bəyan edib. Məktəbin direktoru və əmək texnologiyası müəlliminin izahatları alınıb.

Faktla bağlı Qaradağ rayon 10-cu polis bölməsində araşdırma aparılır.

****
 
Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 saylı tam orta məktəbdə dərs zamanı baş verən silahlı insidentlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru araşdırma aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq idarədən bildirilib. 
İdarədən qeyd olunub ki, baş verən hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb: "İlkin araşdırmaya görə, hadisə zamanı mediada qeyd edildiyi kimi şagird xəsarət almayıb və hazırda şagird dərsdədir. Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək".

Google+ WhatsApp ok.ru