Bakıda qətlə yetirilən məşhur qızıl dükanının sahibəsinin evindən külli miqdarda pul və zinət əşyaları aparılıb

Bakıda xüsusi amansızlıqla öldürülən sahibkar qadının evindən külli miqdarda pul aparılıb.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə baş verəndən dərhal sonra polis və prokurorluq əməkdaşları mənzilə baxış keçirib. Məlum olub ki, qətl tamah məqsədi ilə törədilib və mənzildən xeyli miqdarda pul aparılıb.
 
Qətlə yetirilən Məryəm Namidzadənin ailə üzvləri və yaxınlarının ifadələri alınıb. Alınan ifadələr əsasında mənzildən təxminən 30 min manat aparıldığı müəyyənləşib. Lakin bu, son rəqəm deyil. Mənzildən aparılan pulun dəqiq miqdarı hadisəni törədən şəxs tutulduqdan sonra məlum olacaq. Qadının evində ailə üzvlərinə və yaxınlarına məlum olmayan miqdarda pul və daha dəyərli əşyaların olduğu da ehtimal edilir.
 
Daxili İşlər Nazirliyi də qətllə bağlı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F. Qasımzadə küçəsindəki evində tapılıb. M. Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
 
Nəsimi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
 
Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.  
 
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Məryəm Namidzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub. /

Google+ WhatsApp ok.ru