Bakıda reyd: Yol polisi vətəndaşlarla əlbəyaxa oldu – REAL GÖRÜNTÜ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları paytaxtda kütləvi reydlərə başlayıb. 
 
Maide.az xəbər verir ki, APA TV-nin məlumatına görə, təşkil olunan reyddə 100-ə yaxın yol patrul xidmətinin əməkdaşı iştirak edib. Reyd Bakının bütün rayonlarını əhatə edib.
 
Reyd zamanı yol polisinin qanuni “Dur!” əmrinə tabe olmadan qaçan və yolda qəza vəziyyəti yaradan avtoxuliqanlar da saxlanılıb.
 
Paytaxtın Yasamal rayonu ərazisində yol polisinin “Dur!” əmrinə tabe olmayan 90 FS 036 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü qorxulu anların yaşanmasına səbəb olub.
 
Belə ki, yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü təhlükəli manevrlər edərək dəfələrlə qəza şəraiti yaradıb. Polisdən qaça biləcəyini zənn edən sürücü dəfələrlə ara küçələrə girərək gözdən itməyə cəhd göstərib. Lakin sürücünün saxlanılması üçün əlavə polis qüvvəsi cəlb olunub.
 
Yalnız sürücünü yaşadığı binanın həyətinə girən zaman durdurmaq olub. Maşını saxlayan gənc cəld evlərinə qaçıb. Buna baxmayaq polis əməkdaşları onu tuta biliblər.
 
Saxlanılan gəncin yaxınları ilə polis arasında mübahisə yaranıb, sakinlər saxlanılmış qanun pozucusunu polisin əlindən almaq üçün onlara qarşı zor tətbiq ediblər.
 
Qaçarkən yıxılaraq başından kiçik xəsarət alan gəncə çağırılan təcili yardım kömək göstərib.
 
Avtoxuliqanı saxlayan yol polisinin səhhəti də qəfil pisləşib. Gülhüseyn Əliyev dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yol polisinə ilkin tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıb.
 
Qeyd edək ki, reyd zamanı 45-ə yaxın sərxoş sürücü, 7 avtoxuliqan saxlanılıb.
 
BŞDYPİ-dən verilən məlumata görə, bu tipli reydlər bir neçə gün davam etdiriləcək. 

Google+ WhatsApp ok.ru