Bakıda zəncirvari qəza törədən `avtoş` polisi yaraladı - FOTO

Binəqədi rayonunda avtoxuliqanlıq edən şəxs zəncirvari yol qəzası törədib.

APA-nın məlumatına görə, hələlik kimliyi məlum olmayan, “Mercedes" markalı  avtomobilin sürücüsü  Eldar  Babayev küçəsində "Giriş qadağandır" nişanının tələbini pozaraq hərəkətini davam etdirib. Yol polisi yüksək sürətlə hərəkət edən maşını bir neçə dəfə saxlamağa cəhd etsə də, sürücü qarşı yola çıxaraq təqibdən yaxa qurtarıb.
 
Yol boyu bir neçə dəfə təhlükə  yaradan  avtoxuliqan  Ziya Bünyadov  prospekti  ilə  Əhməd  Rəcəbli küçəsinin kəsişməsində  yerləşən körpünün  altında  idarəetməni  itirib. O, maşını işıqforun qırmızı  işığında  dayanan, Vüsal Tağıyevə  məxsus  “Nissan”a, daha sonra İmran Cəfərova  məxsus  “Hyundai"a çırpıb.
 
Yol patrul xidmətinin müfəttişi Azər  Musayev  sürücünü  maşından düşürtmək  istəsə də,  içkili sürücü  ona  xəsarət  yetirərək  hadisə  yerindən  qaçıb. Əraziyə  Dövlət  Yol Polisinin  bir neçə patrul maşını və təcili yardım briqadası cəlb olunub. Yaralıya  hadisə yerində ilkin tibbi yardım göstərilib. Polis  qəza  törədərək hadisə  yerindən qaçan avtoxuliqanın axtarışlarına başlayıb.

 


 

Google+ WhatsApp ok.ru