Qara çay bir müddət qaldısa zəhərli olur

Qara çay bir müddət qaldısa zəhərli olur

Kimimiz sadə, kimimiz limonlu, bəzilərimiz çox şirin, bəzilərimiz isə öz stəkanımız olmadan içmirik onu. Hətta armudu stəkanda onun dadının bir başqa olduğunu düşünənlər də var. Söhbət hər birimizin vazkeçilməz içkisi olan çaylardan gedir. 
 
Çoxdan görmədiyimiz dostlarımızla, yaxınlarımızla çay masası ətrafında toplaşmağa daha çox üstünlük verir, çayı hər zaman ən əziz qonaqlarımıza layiq görürük.
 
Yorğunluğumuzu armudu stəkanlara süzülən pürrəngi çayla çıxarırıq. Bir sözlə, ürəyimiz yananda hər zaman çay içmişik. Buna səbəb çayın xoş dadı, ətri, susuzluğu yatırması və müalicəvi əhəmiyyətidir. Çay yalnız Azərbaycanda deyil, bütün dünyada sevilən içki növüdür. Bu gün dünyada çayın 1500-ə yaxın növü olduğu deyilir. Beş minillik yaşı olan çayın çox maraqlı bir tarixçəsi var. Rəvayətə görə, böyük Çin imperatoru Shen Nungın xidmətçilərindən biri bağçada su qaynadarkən yarpaqlardan biri qaynayan suyun içinə düşür. Bu zaman sudan yayılan qoxu imperatorun çox xoşuna gəlir. Qoxunu bəyənən imperator, yarpaq düşmüş suyun dadına baxır və bunu çox bəyənir. O gündən bəri çay Çin ərazisində, daha sonra isə bütün dünyada əvəzolunmaz içkiyə çevrilir. Çayın bugünkü dəmlənmə şəkli isə 4 min il bundan öncə kəşf edilib. Avropalılar isə çayla ilk dəfə 1606-cı ildə tanış olub. Azərbaycanda çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilərək əkilib. Elə ilk çay zavodu da 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına start verilib. Azərbaycanda çay əsasən Lənkəran, Astara, Masallı və Zaqatalada yetişdirilir.
 
Bu gün ölkəmizdə müxtəlif növdə və qiymətdə çaylar satılır. Yerli və xarici istehsal olan bu çaylar içərisində  Lənkəran çayı birinci yeri tutur. Buta, çiçək və tək yarpaq qruplarına bölünən Lənkəran çaylarının qiyməti də müxtəlifdir. Çoxlu sayda Lənkəran və Astara çayı satılan "Yaşıl bazar" və "Təzə bazar"da qiymətlər müxtəlif idi. Qiymət baha olduğu üçün alıcıların da sayı az idi. Baş çəkdiyimiz hər iki bazarda bizi alıcı zənn edib çayları açıb qoxuladan satıcı çayı tərifləyirdi: “Bunun qoxusuna baxın. Lənkəran çayı heç bir çaya bənzəmir. Dəmlənəndə də bu cür qoxusu qalır. Digər çaylar rəngdən ibarətdir. Ancaq bu çayı içib fincanınızda saxlasanız belə fincanda heç bir çay ləkəsinin qaldığını görməyəcəksiniz”.
 
Doğrudan da qoxusu ilə adamı bihuş edən bu çay digər rənglənmiş və bir müddət qalan kimi zəhər dadan çaylardan fərqli idi. Ancaq çayın 300 qramı 25 manata, kilosu isə 100-200 manat arasında satılırdı.
 
Şəlalə adlı satıcı alıcının azlığından da gileyləndi: “Alıcılar az olsa da, var. Bu çayı bir dəfə dadan gəlib az da olsa alır. Buket çayından daha çox gül çayını bəyənirlər. Bu çayın xüsusi alıcıları var. Çayın bir kiloqramı 60 manatdır. "Təkyarpaq" çay da bəyənilən çaylar sırasındadır. ”Təkyarpaq" çayının quruluşu uzunsovdur. Bu çayı dəmləyəndə yarpaqları açılır. Elə bir görüntü yaranır ki, elə bil bu yarpaqları indicə dərib suya atmısan".
 
Çay dükanlarında da müxtəlif növ Hindistan, ərəb çayları satılırdı. 1 kilosu 14 manat 40 qəpiyə satılan Hindistandan gətirilib Azərbaycanda doldurulduğu deyilən Seylon çayının alıcıları onun dadının fərqlənmədiyindən gileylənirdilər. Ən yaxşı çayın Hindistan və Çin çayı olduğunu deyən mağaza satıcıları sifarişlə bu çaylardan gətirdiklərini deyirdilər. Amma təbii ki, qiyməti bir qədər fərqli olaraq. Məsələn, siz öz armudu stəkanınızda daha dadlı və ətirli Çin çayı içmək istəyirsinizsə, çay mağazaları sizin bu istəyinizi reallaşdırır. Təbii ki, çayın vətəni olan Çindən çayın sifariş edilməsi sizə bir qədər baha, daha dəqiq desək, 30 min manata başa gələcək.
 
Adının çəkilməsini istəməyən satıcı bu çaylardan sifariş edənlərin olduğunu dedi. O həmçinin daha sərfəli və orijinal Hindistan və digər ölkələrin də çaylarını sifarişlə gətirdiklərini deyirdi. Onların qiyməti isə 600 manatdan başlayırdı.
 
Qeyd edək ki, çayın haradan gəlməsindən asılı olmayaraq onun dəmlənmə üsulu da dadına təsir edir. Maraqlıdır, ilk baxışdan sadə və asan görünən çay dəmlənməsi əslində necə olmalıdır?
 
 
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov çay dəmlənməsində suyun qaynanma prosesinin olduqca əhəmiyyətli olduğunu dedi: “Türk çayına diqqət etmisinizmi, sanki zəqqum dadır. Biz ona öyrəşməmişik. Çayın özündən başqa onun hansı suda dəmlənməsinin də böyük əhəmiyyəti var. Məsələn, Londonun hər bölgəsi, hər rayonunun suyuna uyğun olaraq xüsusi çay sortları işlənir. Suyun özünün 16 qaynama mərhələsi var. Hər qaynama mərhələsinin öz dadı var. Çünki su hava balansı dəyişməklə suya keçən ekstraktiv maddələrin dadı dəyişdiyi üçün məhlulun, dəmin dadı dəyişilir. Diqqət etsəniz görərsiniz ki, samovar çayının dadı başqa olur. Amma o biri qaynamalarda çayın dadını tuta bilmirik. Çay dənəsinin nə vaxt, hansı ayda, hansı hissəsinin yığılmasının, günəş şüalarının hansı bucaq altında olmasının çox böyük əhəmiyyəti var. Yığımda hər çay kolundan 3 dənə yarpaq yığmaq olar. Azərbaycanın Astara və Lənkəranda yetişən yerli çayları çox gözəl çaylardır. Yaşıl çay insanlara daha xeyirlidir, nəinki qara çay. Çünki qara çay fermentrasiyadan daha çox keçir. Amma yaşıl çay radiasiyanı bədəndən çıxarma qabiliyyətinə malikdir. Yaponlar çayın yarpağının özəklərini çıxarıb yerdə qalanını fermentrasiya etmirlər. Onu köklü şəkildə salıb dəmləyib içirlər. Onların bədənindəki radiasiyanın təmizlənməsində onun çox böyük rolu var. Hindistanda da müxtəlif çaylar var.  Çox gözəl Çin çayları da olur. Kilosu 30 min olan çaylar var.  Azərbaycanın çay mağazalarında bu çaylardan sifariş verib gətizdirmək olar. Amma çox bahalıdır”.
 
Elə çay var ki, onun ən yaxşısının ikinci dəm olduğunu deyən  T.Əmiraslanov çay dəmlənməsinin bir çox növü olduğunu bildirdi: “Çayın dəmlənməsi onun sortundan, suyun qaynama dərəcəsindən asılıdır. Yəni bu o qədər də asan deyil. Çayın dəmlənmə qaydaları da, qabları da, vaxtları da müxtəlifdir. Məsələn, yaşıl çayın ən yaxşı dəmi onun ikinci dəmidir. Çinlilər deyir ki, birinci dəmi sevgilinə ver, ikinci dəmi özün iç, üçüncü dəmi isə arvadına ver. Amma qara çayı ikinci dəfə dəmləmək olmaz. Yaşıl çayı soyuq da içmək olar, amma qara çayı yox. Qara çay dəmlənən kimi içilməlidir. Qaldısa zəhərdir. Çay üçün suyu ikinci dəfə qaynatmaq olmaz. Su bir dəfə qaynamalıdır. Çünki orada ağır suyun miqdarı artır, həm də suda oksigenin balansı azaldığı üçün ağac dadı verməyə başlayır. Hər millətə görə də çayın dəmləmə metodu dəyişir. Məsələn, biz Türkiyədə türklərin çayını çox su tökməsək içə bilmirik. Çünki çox acı olur. Amma bu onlar üçün normaldır. Ağız dadları belə öyrəşib. Məsələn, çayı gildən hazırlanmış çaşı qablarda dəmləyəndə çox gözəl olur. Bu qablarda dəmlənən çay şüşə və dəmir qablarda dəmlənəndən öz ətri və dadı ilə fərqlənir”.

Google+ WhatsApp ok.ru