'Quranda islami təfəkkür tezisi' kitabı - 21-ci məclis

'Quranda islami təfəkkür tezisi' kitabı - 21-ci məclis

21-ci məclis: NÜBUVVƏTİN SONU-2

 Maide.Az saytı ilk dəfə olaraq Ramazan ayının əvvəlindən  Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin "Quranda islami təfəkkür tezisi" kitabını səsli və mətn formatda oxuculara təqdim edir: 
 
İYİRMİ BİRİNCİ MƏCLİS

 

 

NÜBUVVƏTİN SONU-2

 

 

Çərşənbə – 1974-10-09

Ramazan ayının 22-si

 

 

 

بسم الله الرحمن الرحيم

إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ يَوْمَ لَا يَنفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ وَلَقَدْ آتَيْنَا مُوسَى الْهُدَى وَأَوْرَثْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ هُدًى وَذِكْرَى لِأُولِي الْأَلْبَابِ

Şübhəsiz ki, Biz Öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik! O gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları lənət və pis aqibət gözləyir. Həqiqətən, Biz Musaya hidayət verdik və İsrail oğullarını kitaba varis etdik, (ki, o,) ağıl sahiblərinə hidayət və agahlıqdır!

“Mumin ” surəsi, ayə 51-54.

 

 

 

Ötən məclisdə qeyd etdik ki, Allah-Taalanın Öz peyğəmbər və elçilərinə verdiyi vədi ümidvericidir; yəni Allah-Taala vəd edib ki, peyğəmbərləri və risalət əmanətinin daşıyıcıları, həmçinin dinə və haqq-həqiqətə dəvət edən bütün carçıları bu dünyada düşmənlərinə qalib etsin, axirətdə də savab və mükafata layiq görsün. Ümumiyyətlə, peyğəmbərlərin qələbəsi ilə bağlı mətləbləri iki qismə böldük: Birincisi budur ki, biz peyğəmbərlik silsiləsini birincidən sonuncuya qədər mülahizə etdikdə, bu bəşər müəllimlərinin müvəffəq və qalib olduqlarını görürük. Düzdür, onlardan bəziləri dəvət əsnasında, yaxud dəvətin sonunda insanlar tərəfindən bir sıra nankorluqlar və hörmətsizliklərə məruz qalsalar da, ümumilikdə, əziz peyğəmbərlər birincidən sonuncuya qədər öz istəklərini həyatda gerçəkləşdirmişlər. Peyğəmbərləri şagirdlərin birinci sinifdən sonuncu sinifə qədər təlim-tərbiyəsi ilə məşğul olan, onları nadanlıqdan çıxarıb aşağı mərtəbədən yuxarı mərtəbəyə yüksəldən və elmi nailiyyətlər qazandıran müəllimlərə bənzətdik. Birinci sinif müəllimi bu körpə şagirdin qarşısındakı yolu ötüb keçməkdə rolu və köməyi az olduğu, onun kamal zirvəsini fəth etdiyini görmədən dünyasını dəyişdiyi halda, biz onun – birinci sinif müəlliminin müvəffəqiyyət qazanıb-qazanmadığı haqda hökm yürüdə bilərikmi? Bu körpə şagirdi sonuncu sinifə çatdıra bilmədiyi üçün onun müvəffəq olmadığını deyə bilərikmi? Cavab mənfidir! Çünki o, öz missiyasını yerinə yetirmiş, əmanəti özündən sonrakı şəxsə təhvil verdikdə, öz məsuliyyət payını layiqincə icra etmişdi.

 

Bu mövzuya aid növbəti misal budur: Fərz edək ki, bir ağır yükü buradan məscidin o başına qədər aparmaq lazımdır. Onu bir nəfərin tək-tənha, heç kimin köməyi olmadan belinə götürüb aparması qeyri-mümkün olduğu kimi, bütün insanların birgə köməyi və iştirakı da mümkün deyil. Bir yol qalır, o da güclü insanların mərhələli şəkildə bir-birinə kömək etməsidir; belə ki, onlardan hər biri həmin yükü bir neçə addım aparacaq, yükü addımbaaddım birinci şəxs ikinciyə, ikinci üçüncüyə, üçüncü dördüncüyə və bu minvalla, bir-birinə ötürərək, nəhayət, məqsədə çatdıracaqlar. Bu yükün daşınması və məqsədə çatmasında, sözsüz ki, həmin şəxslərin hamısının rolu və köməyi olmuşdur və onların hər biri yükü çiyninə aldıqdan sonra, yalnız bir addım ata bilmişdi. Yük hədsiz dərəcədə ağır olduğu üçün bir addımdan sonra canını fəda etmiş və yükün məqsədə çatdığını görməmişdir. Amma bundan əldə edilən nəticə budur ki, canlarını fəda edənlərin o bir addımları olmasaydı, o ağır yük məqsədə yaxınlaşmazdı.

Peyğəmbərlər güclü və dözümlü insanlar olduğundan, həmin ağır yükü bir addım daşıya bildilər. Həzrət Nuh (ə) gəlib hidayət yükünü çiyninə alaraq insanı mədəniyyət və fəzilət zirvəsinə bir addım yaxınlaşdırdı və bu bir addıma görə çətinliklər gördü. O, doqquz yüz əlli il dəvət etdi və yenicə irəliyə doğru azacıq addım atmışdı ki, öz canını qurban verdi. Amma görəsən, öz vəzifəsini icra etdimi? Bu ağır yükü bir addım məqsədə yaxılaşdırdımı? Görürük ki, bəli, yaxınlaşdırmışdır. Həzrət Nuhdan (ə) sonra gələn peyğəmbərlər də növbə ilə həmin yükü çiyinlərinə almış və addımbaaddım irəli aparmışlar və nəhayət, sonuncu Peyğəmbər (s) peyğəmbərliyə seçilir və müəyyən qədər daşınmış həmin yükü yol əsnasında elə dığırladır ki, hələ də irəliyi doğru hərəkətdədir. Odur ki, peyğəmbərlər birincidən sonuncusuna qədər müvəffəq olmuşlar.

Axır-zamanda da bəşəriyyət aləmi sonuncu ilahi səfir – Həzrət Sahibəz-Zamanın (ə.f) zühuru ilə müjdələnəcək. “Öz Zəmanəmizin İmamı” adlandırdığımız və intizarında olduğumuz sonuncu ilahi məmur gələcək və bu yükü zirvənin qülləsinə qaldıracaq. İmam Zamanın (ə.f) işi kimin işinin davamıdır? Həzrət Nuhun (ə), İbrahimin (ə), Musanın (ə), İsanın (ə), öz Peyğəmbərimizin (s) və onun pak Əhli-beytinin (ə) işidir. Əgər bu yük məqsədə çatmazsa, Nuhun, İbrahimin və digər peyğəmbərlərin işi uğursuz qalacaq. Lakin bu yükün məqsədə çatacağı qaçılmazdır. Elə buna görə də onun məqsədə yaxınlaşmasında onların da payı olduğundan, nə Nuh, nə İbrahim, nə mişarla iki hissəyə ayrılmış Zəkəriyya, nə də quyuya atılmış o peyğəmbər nakam olmadı. Düzdür, quyuya atıldı, dünyada istədiyini görə bilmədi, Həzrət Yəhyanın (ə) zalım padşahın vasitəsilə başı bədənindən ayrıldı və hədiyyə göndərildi, lakin bunlar məğlubiyyət amili deyil. Nə üçün? Çünki onlar bu bəla və müsibətlərə o ağır əmanəti irəli aparmaq və məqsədə yaxınlaşdırmaq üçün sinə gərdilər. Ötən məclisdə toxunduğumuz mətləblər bunlardan ibarət idi.

Keçən məclisdə işarə etdiyimiz növbəti mətləb nübuvvətin aqibəti ilə əlaqədar idi. Qeyd etdik ki, peyğəmbərlər əsla məğlub olmadılar, əksinə hamısı məqsədinə nail oldular. Lakin peyğəmbərlərdən bəziləri öhdələrinə götürdükləri ağır yükü son məqsədə bir addım yaxınlaşdırmaqla bərabər, digər müvəffəqiyyətlər də əldə etdilər; belə ki, ilahi cəmiyyət qura bildilər. Bizim Peyğəmbər (s) bunun aşkar nümunəsidir. O Həzrət ilahi, islami və qurana mənsub təfəkkür əsasında bir cəmiyyət təşkil etdi. Ötən məclisdə qeyd etdiyimiz kimi, bizim Peyğəmbər (s) kimi bəzi keçmiş peyğəmbərləri misal çəkmək olar. Həzrət İsadan (ə) sonra Rum imperiyası ona iman gətirdi. Həzrət Musadan (s) sonra Bəni-İsrail vətəndaş cəmiyyətini və Həzrət İbrahim (ə) öz həyatı zamanı ilahi cəmiyyəti təşkil etdi. Bəni-İsrail peyğəmbərlərindən olan Həzrət Süleymanın (ə) qurduğu ilahi hökumət bütün dünyanı əhatə etdi. O, bütün dünyanı ilahi cəmiyyət adı altında bir ideya ətrafında birləşdirdi. Bir sözlə, bəzi peyğəmbərlərin öz həyatında ikən qazandıqları uğur və müvəffəqiyyətlər “ilahi cəmiyyət” adı ilə yekunlaşırdı.

Bəzi peyğəmbərlərin dövründə isə bu şərait yaranmadı. Buna Zəkəriyya (ə), Yəhya (ə) və onlardan öncəki bəzi peyğəmbərləri misal çəkə bilərik. Onlar ilahi cəmiyyət təşkil edə bilmədilər. Bu barədə nə demək olar? Bunu necə yozmaq olar? Nə üçün bəzi peyğəmbərlər ilahi hökumət qura bildilər, bəziləri isə buna müvəffəq ola bilmədilər? Nə üçün onların hamısı ilahi hökumət qura bilmədi? Nə üçün bəziləri üçün belə bir şərait yarandı, bəziləri üçün isə yox? Cavab qısa və bir cümlədən ibarətdir: İlahi şəxsiyyətlər və rəhbərlərin, haq-həqiqət carçılarının uğur və müvəffəqiyyətləri hər zaman iman və səbrə əsaslanıb. Onların ətrafındakılar və onlara iman gətirənlər lazımi iman və səbrə sahib olmadıqları zaman, sözsüz, məğlubiyyətə uğrayıblar. Bu qanun həmişə işlək olub. Haçan möminlər peyğəmbərlərin düşmənləri ilə mübarizədə səbirli və dözümlü olublarsa, qalib olublar. Peyğəmbərlərin səsi və dəvəti həmişə qalib və mütərəqqi olub. Çünki onlar həmişə haqq söz deyib, haqq əsasında rəftar ediblər. Haqq isə hər zaman qalibdir. Dünyanın fitrət və təbiəti haqqa əsaslanır. Elə buna görə də həmişə qalibdir. Peyğəmbərlər də dünyanın fitrətinə uyğun olaraq danışıblar. Odur ki, onların inqilab və hərəkatında uğur və müvəfəqiyyət potensialı həmişə mövcud olub. Əgər tarixdə hansısa bir peyğəmbərin məğlub olduğunu görürsənsə, səbəbi haqq sözün həmişə məğlub olması anlamında deyil. Xeyr, haqq söz, haqq sistem mütləq qələbə çalacaq, haqq batili həmişə əzəcək. Elə isə nə üçün bəzi peyğəmbərlər məğlub olublar? Çünki onların tətəfdarlarının ya kifayət qədər imanı, ya da səbri və dözümü olmayıb. Yoxsa, ötən məclisdə tilavət etdiyim ayədə belə buyurulur:

وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَ. إِنَّهُمْ لَهُمُ الْمَنصُورُونَ. وَإِنَّ جُندَنَا لَهُمُ الْغَالِبُونَ

“Həqiqətən, peyğəmbər olan bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz (və əmrimiz) deyilmişdi. Həqiqətən, onlar yardım olunmuşlardır. Şübhəsiz, Bizim dəstəmiz qalibdir!”[1]

Allahın bu kəlamı haqdır və toxunulmazdır. Əgər haçansa haqq carçılarının məğlub olduğunu görsən, bil ki, Allahın dəstəsi deyillər və onlarda ilahi dəstənin şərtləri yoxdur. İslam cəmiyyəti “Allahın dəstəsi” adını daşıdığı gün qalib idi, məğlub olduğu gün isə Allahın dəstəsi və ordusu hesab edilmirlər.

Mətləbi – zəfər və məğlubiyyətlərin səbəbini iki cümlədə xülasə etmək olar: Haçan peyğəmbərlərin tərəfdarları kamil iman və yəqinə sahib oldularsa və haqq sözün üstündə möhkəm dayandılarsa, şübhəsiz, uğur və müvəffəqiyyət qazandılar və heç zaman məğlub olmadılar. Ötən məclisdə müasir tarixçilərin birinin öz dostlarına ünvanladığı bir sözə toxunmuşdum. O deyirdi: “Bacardığınız qədər mübarizə aparın. Məğlub olduğunuzu gördükdə, mübarizədən əl çəkməyin, mübarizəni davam etdirin. Məğlub olacağınıza əmin olduğunuz anda belə mübarizədən əl çəkməyin, yenə də mübarizə aparın, fəaliyyətinizdən əl götürməyin, geri çəkilməyin, mübarizənizi davam etdirin, o zaman zəfər qazanacaqsınız.” Quran ayəsində də elə bu mətləb aşılanır və buyurulur:

حَتَّى إِذَا اسْتَيْأَسَ الرُّسُلُ وَظَنُّواْ أَنَّهُمْ قَدْ كُذِبُواْ

Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və (insanlar tərəfindən) təkzib olunduqlarını güman etdikdə, köməyimiz onlara yetdi.[2]

Düşmənlər və müxalif dəstələr peyğəmbərlərlə o qədər müxalifətçilik etdilər, onlara o qədər zərbələr endirdilər ki, peyğəmbərlərin özləri belə naümid oldular, peyğəmbərlər və onlarla birgə olanların qəlbləri titrəməyə başladı. Əlbəttə, Allaha iman və etiqadlarını əldən vermədilər, qələbə çalacaqlarına əmin olduqları halda, qələbəyə nail ola bilmədiklərini gördükdə, qələbəyə iman və etiqadları tədricən azalmağa başladı və yanlış düşündüklərini təsəvvür etdilər. Onlar Allahın: Siz mütləq qələbə çalacaqsınız – kəlamına yəqin etmişdilər. Lakin ağır vəziyyətlə üzləşdikdə, yanıldıqlarını və Allahın onlara belə bir vəd vermədiyini düşündülər. Onlar düşmənin şiddətli zərbələrinə məruz qaldığını və bütün yolların onların üzünə bağlandığını gördükdə, habelə haqq cəbhəsinin mütləq məğlubiyyətə uğrayacağını və düşmənin onlara zəfər çalacağını hiss etdikdə, yenə elə bir şəraitdə müqavimətdən əl çəkmədilər, mübarizəyə davam etdilər və elə buna görə də Allahın yardımı onlara nəsib oldu!

Əgər biz tarix böyu bəzi haqq carıçılarının hərəkatının məğlub olduğunu – Kufə məscidində Zeyd ibn Əlinin alnına ox dəyib şəhid olduğunu, “Nəfsi-Zəkiyyə” adı ilə məşhur olan Məhəmməd ibn Abdullahın Mənsur Abbasi ilə mübarizəsində məğlubiyyətə uğradığını, Fəxx şəhidi Hüseyn ibn Əli Həsəninin Mədinə yaxınlığında bütün tərəfdarları ilə birlikdə öldürüldüyünü, İbrahim ibn Abdullahın Kufə və yaxud Bəsrədə qətlə yetirildiyini gördükdə, ümumi təcrübə və qənaətə gələrək elə təsəvvür edirik ki, batil əleyhinə qalxan haqq cəbhəsi hər zaman məğlubiyyətə məhkumdur. Lakin bu, Qurani-Kərimin mətnindən xəbərsiz qalan bir qrup nadanın təsəvvürüdür. Qeyd etdiyim kimi, bu təsəvvür tarixin zalım və hegemon qüdrətlərinin qəlbinə hopan sərin su kimidir. Onlar daim insanların belə düşünmələrini arzulamışlar. Əlbəttə, aydındır ki, bu təfəkkür tərzini elə onların özləri yayırlar. Həqiqət isə bu təfəkkür tərzinin tamamilə əksinədir.

Əgər Zeyd ibn Əli acınacaqlı şəkildə şəhid edilirsə, səbəbi haqqın məğlubiyyətə uğraması deyil, əksinə haqq uğrunda (haqq olmasına rəğmən,) daim zəhmət çəkmək, çalışmaq və fəaliyyət göstərmək lazımdır. Belə təsəvvür etməməliyik ki, sözümüz haqdırsa, onun yolunda çalışmamalıyıq. Belə düşünməməliyik ki, bizi haqqa dəvət edən Qurandırsa, demək, Allah Özü Quranı irəli aparmalıdır. Xeyr! Düzdür ki, haqq haqdır, hal-hazırda məhkum olsa da, dünya gələcəkdə ona təslim olacaq, lakin zəhmət və fəaliyyət tələb edir, bir dəstə onun yolunda səbir edib müqavimət göstərməli, bir dəstə onun bərpası uğrunda ağrı-acılara sinə gərməlidir.

Zeyd ibn Əlinin macərası bizə haqqın məğlubiyyətə uğramasını deyil, haqq uğrunda çalışmağın zəruriliyini öyrədir. Zeyd ibn Əli haqq idi. İmam Sadiq (ə) də onun Hüşam ibn Əbdülməliklə mübarizədə haqq olduğunu təsdiqləmiş, ona mübarizə aparmaq üçün icazə vermişdi. Tarix də bunu sübut edir. O, yaxşı mübarizə aparırdı, lakin bir qrup nadan və yaxud qərəzli insan ayıq düşmənin əks təbliğatından təsirlənərək həssas mövqedə onu tək-tənha qoydu. Bizim bu macəradan öyrəndiyimiz dərs odur ki, haqq (Zeyd ibn Əli kimi) haqq olsa da, əgər dostlar və tərəfdarlar tərəfindən tək-tənha buraxılacaqsa və onun uğrunda mübarizə aparılmayacaqsa, məğlubiyyətə uğrayacaq. Amma mübarizə aparılacaqsa, zəfər qazanacaq. Bu, bir qanundur və bütün dünyaya hakimdir. Siz dünyada elə şəxs, elə bir məktəb və ideya tanıyırsınızmı ki, onun tərəfdarları mübarizə sayəsində həmin şəxsi və yaxud məktəbi məqsədə çatdırmasınlar? Batil, nahaq, dünyanın və insanın fitrətinə zidd sözlər mübarizə sayəsində qələbəyə nail olduğu halda, nə üçün haqq söz mübarizə sayəsində buna nail olmasın?

Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”nin bir xütbəsində bu məsələni açıqlayır. Həzrət bu xütbədə Peyğəmbəri-Əkrəmin (s) dövründə İslam ordusunun tərəqqi prosesinə toxunur və buyurur:

لَقَدْ كُنَّا مَعَ رَسُولِ اللَّهِ (صلى ‏الله‏ عليه‏ و آله) نَقْتُلُ آبَاءَنَا وَ أَبْنَاءَنَا وَ إِخْوَانَنَا وَ أَعْمَامَنَا

Biz Allahın Peyğəmbəri (s) ilə olduğumuz vaxt (İslam dininə kömək üçün şirk və küfr cəbhəsində olan) öz atalarımızı, övladlarımızı, qardaş və əmilərimizi (döyüş meydanında) öldürürdük.

Əgər atamız, əmimiz, oğlumuz və qardaşımız küfr bayrağını qaldırıb Peyğəmbəri-Əkrəmlə (s) döyüşə gəlirdisə, “Bu, mənim qardaşımdır, onu öldürə bilmərəm, o isə mənim oğlumdur, ona da toxuna bilmərəm.” – demirdik. İslam və İslam Peyğəmbəri (s) ilə döyüşdüyü üçün Allah yolunda öldürürdük. Onları öldürdükdən sonra vətənə geri dönərkən azacıq belə sarsılmazdıq, heç vaxt deməzdik ki, bu yeni dinə görə nə üçün əziz oğlumu öldürdüm. Bu məsələlərə görə imanımız əsla azalmır, əksinə artırdı.

مَا يَزِيدُنَا ذَلِكَ إِلَّا إِيمَاناً وَ تَسْلِيماً وَ مُضِيّاً عَلَى اللَّقَمِ وَ صَبْراً عَلَى مَضَضِ الْأَلَمِ

Belə rəftar yalnız iman və etiqadımızı (təslimçiliyimizi), doğru yolda hərəkət və dönməzliyimizi, ağrıların yanğısına səbir və dözümümüzü çoxaldırdı.

وَ جِدّاً فِي جِهَادِ الْعَدُوِّ وَ لَقَدْ كَانَ الرَّجُلُ مِنَّا وَ الْآخَرُ مِنْ عَدُوِّنَا يَتَصَاوَلَانِ تَصَاوُلَ الْفَحْلَيْنِ يَتَخَالَسَانِ أَنْفُسَهُمَا أَيُّهُمَا يَسْقِي صَاحِبَهُ كَأْسَ الْمَنُونِ...

Düşmənlə mübarizə yolunda səylərimizi daha da artırırdı. (Peyğəmbər (s) dövrünün müharibələrində döyüş üslubu belə idi ki,) bizlərdən biri düşmənlərdən biri ilə bir-birinə hücum edirdi və onlardan biri başqasına ölümü daddırana qədər iki erkək heyvanın bir-birinin canına düşdüyü kimi, bir-birinin üstünə düşürdülər...

Əmirəlmöminin Əli (ə) bu qısa xütbənin sonunda belə buyurur:

فَلَمَّا رَأَى اللَّهُ صِدْقَنَا أَنْزَلَ بِعَدُوِّنَا الْكَبْتَ وَ أَنْزَلَ عَلَيْنَا النَّصْرَ

Allah bizim sədaqətimizi (Onun yolunda mübarizəmizi, düzgünlüyümüzü, həqiqi müsəlman və mömin olmağımızı, öz dərin imanımızı əməllərimizlə göstərdiyimizi) gördükdə, düşmənlərimizi xar, qələbəni isə bizə nəsib etdi.

Bir-iki cümlədən sonra belə buyurur:

وَ لَعَمْرِي لَوْ كُنَّا نَأْتِي مَا أَتَيْتُمْ مَا قَامَ لِلدِّينِ عَمُودٌ وَ لَا اخْضَرَّ لِلْإِيمَانِ عُودٌ

Öz canıma and olsun, əgər (İslam dininə köməkdə) rəftarımız sizin kimi olsaydı, (düşmənlə döyüşdə sizin kimi süstlük və səhlənkarlıq etsəydik) dinin bünövrəsi qalmazdı və iman ağacının budağı göyərməzdi.

Əmirəlmöminin Əli (ə) bu xütbəni xilafətdə olduğu zaman söyləmişdir. O zaman o Həzrət bir qrup tənbəl, səhlənkar və rahattələb insanla üz-üzə qalmışdı və onlara “Müaviyə ilə döyüşə getməliyik!” – dedikdə, bəhanə gətirir, Təlhə və Zübeyrlə döyüşə yollandıqda, döyüşə qatılmamalarına şəri-dini don geyindirir, min cür yozurdular. Bir sözlə, o Həzrət ilahi maarifdən uzaq qalan, rahat və əziyyətsiz həyat tələb edən, zəif, süst, tənbəl, alçaq, zillətə boyun əyən və rahatlıq ardınca olan insanlarla üz-üzə qalmışdı. Onlara müraciət edərkən, öz canına and içir və buyurur ki, ey müsəlmanlar, biz də o zaman Peyğəmbərlə (s) sizin bugünkü rəftarınız kimi rəftar etsəydik, dinin sütunları qurulmaz və iman budaqları göyərməzdi.

Siz bu xütbədən nə anlayırsınız? Əmirəlmöminin Əlinin (ə) kəlamı Peyğəmbərin (s) kəlamından başqa, bir şey deyil, onun getdiyi yol qardaşı Peyğəmbərin (s) getdiyi yol idi. Nə üçün o gün Peyğəmbər (s) sürətlə irəlilədi, Əmirəlmöminin Əlinin (ə) zamanında isə hər şey dayandı? Nə üçün? Əmirəlmöminin Əli (ə) bunun sirrini açıqlayır. Buyurur ki, o gün biz döyüş meydanlarında səbir etdik, müqavimət göstərdik; o gün rahat döşəklərimizdən qalxıb meydana qədəm qoyduq; o gün Allaha xatir maddi mənafeyimizə, işimizə, ticarətimizə arxa çevirdik, bu gün isə siz buna hazır deyilsiniz. O gün irəlilədik, bu gün isə geridəyik. Bu, çox sadə və aydın bir məsələ, Əmirəlmöminin Əlinin (ə) ictimai təhlilidir.

Bir sözlə, ilahi peyğəmbərlər peyğəmbərlik silsiləsində fəaliyyətləri qələbə ilə birgə olduğu kimi, işin sonunda da əbədi, son qələbə və zəfər də onlarladır. Peyğəmbərlərin elə bu dünyada qələbə və zəfər qazanması, həm özləri, həm də məktəblərinin istəklərinə nail olması qaçılmazdır, lakin bu şərtlə ki, onların ardıcılları, tərəfdarları və dostları həqiqi imana sahib olsunlar, bir-birilə əlbir və mübarizə meydanında səbirli, dözümlü olsunlar. İman və səbir şərtdir. Bəhsimizin xülasəsi bundan ibarətdir.

İndi isə Quran ayələrinə müraciət edək: Mən bu gün üçün Qurani-Kərimin fərqli yerlərindən bir neçə ayə seçib qeyd etmişəm, yoxsa, Qurani-Kərimdə uyğun mövzu ilə bağlı müjdələyəci ayələr çoxdur. Biri “Muminun” surəsindədir və orada belə buyurulur:

إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ

Şübhəsiz ki, Biz Öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik![3]

Ayədə qeyd olunan “innə” ifadəsi təkidi, “lənənsuru” ifadəsindəki “ləm” hərfi də həqiqəti bildirir. Yəni, həqiqətən və heç bir şəkk-şübhə omadan, Öz peyğmbərlərimizə yardım edəcəyik. Yalnız peyğəmbərlərəmi? Xeyr! Peyğəmbərlərin yolu ilə hərəkət edən, onların dəvətini qəbul edib yola düşən pak möminlərə də yardım edəcəyik. Allahın yardım vədi möminlərə də aiddir. Onlara harada yardım edəcəyik? Həm bu dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik. Bəzi təfsirlərdə şahidlərin şəhadət verəcəyi günün Qiyamət günü olduğu qeyd edilmişdir.

Bu mübarək ayənin təfsirində bir hədis nəql olunur və həmin hədisdə İmam Sadiq (ə) Cəmil ibn Dərraca buyurur ki, Allahın peyğəmbərlərə yardımında məqsəd “rəcət” günüdür;[4] yəni Həzrət Sahibəz-Zaman (ə.f) zühur edib bu dünyada dünyamiqyaslı ilahi hökumət təşkil edəcək, bütün dünyada Quran və İslam bayrağını dalğalandıracaq, bütün insanlar Allaha və tövhid dininə doğru hərəkət edəcək, vahid ilahi hökuməti bərpa edəcək. Ondan sonra Allah-Taala peyğəmbərləri, vəsiləri, şəhidləri və əməlisaleh möminləri dirildəcək. Bu həqiqət bəzi Quran ayələri və rəvayətlərə əsaslanır. Biz burada “rəcət” haqqında danışmaq istəmirik. İmam (ə) bu hədisdə bu ayənin və möminlərə yardımın “rəcət”ə aid olduğunu söyləyir. Mənim nəzərimcə, İmamın (ə) ayədə qeyd olunan فِي الْحَيَاةِ الدُّنْيَا (dünya həyatında) – ifadəsindəki məqsədi “rəcət” deyil. İmam (ə) Allah-Taalanın “Biz Öz peyğəmbərlərimizə və iman gətirənlərə dünya həyatında yardım edəcəyik” – kəlamında göstərilən dünya həyatındakı ifadədə məqsədin “rəcət” olduğunu bildirmək istəmir. Zənnimcə, يَوْمَ يَقُومُ الْأَشْهَادُ (şahidlərin şəhadət verəcəyi gün) – ibarəsində Qiyamət yox, “rəcət” nəzərdə tutulur. Yoxsa, Qiyamətdə yardım etməyin nə mənası var? Allah-Taalanın Öz peyğəmbərlərinə yardım edəcəyi gün “rəcət” günüdür. Əlbəttə, bu məsələni ehtimal olaraq qeyd edirəm və bu rəvayətdən də əldə etdiyim nəticə ehtimala əsaslanır. Hər halda, bu ehtimaldan üz çevirsək belə, sonrakı ayələrə əsasən, فِي الْحَيَاةِ الدُّنْيَا (dünya həyatında) – ifadəsindən zahirən belə başa düşülür ki, Allah-Taala peyğəmbərlərə və möminlərə “Biz sizə elə bu dünyada ikən yardım edəcəyik.” – deyə vəd verir.

يَوْمَ يَقُومُ الْأَشْهَادُ “Şahidlərin şəhadət verəcəyi gün – hansı gündür?:

يَوْمَ لَا يَنفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ

O gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir.

Qurani-Kərimin başqa bir ayəsində belə buyurulur:

يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لاَ يَنفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِن قَبْلُ

“...Rəbbinin bəzi əlamətlərinin gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz!...”[5]

Bu ayə də İmam Zamanın (ə.f) zühur edəcəyi vaxta aid edilir.

وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ

(O gün) onları lənət və pis aqibət gözləyir.

Daha sonra Allah-Taala “Biz Öz peyğəmbərlərimizə və iman gətirənlərə yardım edəcəyik” – vədinə şahid olaraq Həzrət Musanı (ə) misal çəkir. Çünki bu ayədən öncə (“Mumin” surəsinin ilk ayələrində) demək olar ki, Həzrət Musa (ə) və onun Fironla mübarizəsindən söz açıldığından, bütün peyğəmbərlərə yardım vədi verilir və nümunə olaraq belə buyurulur:

وَلَقَدْ آتَيْنَا مُوسَى الْهُدَى وَأَوْرَثْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ

Həqiqətən, Biz Musaya hidayət verdik və İsrail oğullarını kitaba varis etdik!

Bəni-İsrailin kitaba, ilahi maarif və qanunlara sahib olmasının davamlılığı onların müvəffəqiyyətinin göstəricisidir, yoxsa dövrün tağut və kafirləri Bəni-İsrailə qələbə çalır və onların səmavi kitaba əməl etməsinə icazə vermir, onların arasında kitabın (ilahi qanunların) icrasına maneçilik törədirdilər.

هُدًى وَذِكْرَى لِأُولِي الْأَلْبَابِ

“(Belə ki, bu kitab) ağıl sahiblərinə hidayət və agahlıqdır!

Bundan sonrakı ayədə İslam Peyğəmbərinə (s) xitab olunur və belə buyurulur:

فَاصْبِرْ

“Elə isə səbir et!Dözümlü ol, irticaçı fikirlər müqabilində müqavimət göstər.

إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ

“Şübhəsiz, Allahın vədi haqdır.

Allahın sizin zəfər qazanacağınızla bağlı verdiyi vədi gerçəkləşəcək; Həmin vədə “Saffat surəsində (və Quranın digər ayələrində) işarə edilib:

وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَ. إِنَّهُمْ لَهُمُ الْمَنصُورُونَ

“Həqiqətən, peyğəmbər olan bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz (və əmrimiz) deyilmişdi. Həqiqətən, onlar yardım olunmuşlardır.[6]

Bu, haqq və həqiqətdir. Ey Peyğəmbər, Allahın vədinə əsasən, sən, həqiqətən də zəfər qazanacaqsan! Lakin zəfərin şərti səbirli və dözümlü olmaqdır; müqavimət göstərməli, tutduğun bu müqəddəs və ağrılı-acılı yoldan dönməməlisən.

فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَاسْتَغْفِرْ لِذَنبِكَ

“Elə isə səbir et! Şübhəsiz, Allahın vədi haqdır. Günahına görə bağışlanma dilə.

Əlbəttə, Peyğəmbərin günahı yalnız onlar üçün günah sayılır, bizim günahlar kimi deyil. Şübhəsiz ki, Peyğəmbər (s) məsumdur. Quran ayələrinin aşkar mətninə və əqlin hökmünə əsasən, Peyğəmbər günah etmir. Əgər Peyğəmbər üçün günah sayılanları biz yerinə yetirəriksə, bizim üçün günah və xəta hesab edilməz. Peyğəmbərin günahı dedikdə, bu növ xətalar nəzərdə tutulur.

وَاسْتَغْفِرْ لِذَنبِكَ

“Keçmiş kiçik xətalarına görə bağışlanma dilə.

وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِيِّ وَالْإِبْكَارِ

Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et!

Bu ayə çox aydındır və bizə peyğəmbərlərin işinin Allahın yardımı ilə uğurla bitəcəyini aşılayır.

İndi isə “Ənbiya” surəsindən olan ayələri tilavət edək. Bu ayələrə də qısa şəkildə toxunacağam. “Ənbiya” surəsi “Taha” surəsindən sonra, Quranın 17-ci cüzündə yerləşir. Olduqca dərin məzmuna malik bir surədir. Quranla ünsiyyyətdə olan dostlara tövsiyə edirəm ki, “Ənbiya” surəsini diqqətlə oxusunlar. Surənin başlanğıcından Allah-Taala peyğəmbərlərin qələbə çalacağı, düşmənlərin məğlub olacağı və axirət əzabından öncə elə bu dünyada ikən əzaba düçar olacaqlarını buyurur. Surənin başlanğıcından elə bu haqda danışılır və bu mətləblər təkrar olunduqdan sonra, tarixi hadisə, Həzrət Musanın (ə) əhvalatı, onun qələbəsi və ona müxalif qüvvələrin isə məğlubiyyəti nəql olunur. Həmçinin, Həzrət İbrahimin (ə) əhvalatı, onun mövqeyi və qələbəsi, ona müxalif qüvvələrin məğlubiyyəti, Həzrət Nuhun (ə), Həzrət Süleymanın (ə) və digər peyğəmbərlərin başlarına gələn hadisələr də qeydə alınır. Bu surədə nəql olunan bütün əhvalatlarda peyğəmbərlərin irəliləyişi, müvəffəqiyyəti və qələbəsi, onlara, onların inqilabi hərəkat və yeni sözlərinə müxalif olan mürtəce qüvvələrin isə məğlubiyyətindən söz açılır və bu, tarixin ənənəsidir.

Surənin əvvəllərindən belə buyurulur:

وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِمْ

(Ey Peyğəmbər!) Biz səndən əvvəl də hər bir ümmətə yalnız vəhy nazil etdiyimiz kişilər (kişi peyğəmbərlər) göndərmişdik...[7]

وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ الطَّعَامَ وَمَا كَانُوا خَالِدِينَ

Biz onları (mələk kimi) yemək yeməz bir bədən yaratmadıq. Onlar (dünyada) əbədi də deyillər.Onlar da əcəli çatdıqda əbədiyyətə qovuşdular.

ثُمَّ صَدَقْنَاهُمُ الْوَعْدَ فَأَنجَيْنَاهُمْ وَمَن نَّشَاء وَأَهْلَكْنَا الْمُسْرِفِينَ

Sonra onlara verdiyimiz vədi (zəfər vədini) yerinə yetirdik və istədiyimiz kəslərə nicat verdik, həddi aşanları (təcavüzkarları) isə məhv etdik.

لَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ أَفَلَا تَعْقِلُونَ

“(Ey möminlər!) Həqiqətən, sizə elə bir kitab (Quran) nazil etdik ki, sizin agahlığınız ondadır. Məgər düşünmürsünüzmü?

Onbirinci ayədə isə peyğəmbərlərin zəfərindən və onların bu dünyanın bətnindəki ilahi və qeybi yardımlar vasitəsilə necə zəfər qazandıqlarından xəbər verilir. Qeybi yardım dedikdə, geniş xalq kütləsi elə təsəvvür edir ki, qeybdən bir əl gələrək düşmənin sinəsinə vurub onu yerə yıxmalıdır. Xeyr! Məqsəd bu dünyanın özündə yerləşdirilən, onun fitrət və təbiətilə uzlaşan qeybi yardımlardır. Allah-Taala Öz peyğəmbərlərinə bu qeybi yardımlar vasitəsilə nə qədər qələbə bəxş etmişdir!

وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍ كَانَتْ ظَالِمَةً

Biz zalım olan neçə-neçə məmləkəti (və cəmiyyəti) məhv etdik.

Zalım cəmiyyət, zalım sistem və zalım sivilzasiyanın quruluşu zülm və təbəqələşməyə, istismar və müstəmləkəyə əsaslanır. Bu, zalım məmləkət və cəmiyyətin xüsusiyyətidir. Ayədə buyurulur ki, Biz neçə-neçə belə məmləkət və cəmiyyətləri məhv etdik, dağıtdıq.

وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَ

“Onlardan sonra başqa bir qövm (və başqa bir camaat) yaratdıq.

فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ

Onlar əzabımızı (və qəzəbimizi) hiss etdikdə, dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular.

Bu ayədə ilahi əzab zamanı zülmkarların halı bəyan olunur. Onlar Allahın qəzəbini, misal üçün, səmavi əzabın nazil olduğunu, yaxud da möminlərin peyğəmbərlərlə birlikdə onların müqabilində dayandığını və Allahın qəzəb qılıncının onların başlarının üstünü aldığını hiss etdikdə, öz məmləkətlərini və cəmiyyətlərini tərk edib qaçmağa başladılar.

لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَى مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ

“Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə və saraylarınıza qayıdın.” Hara qaçırsınız? Öyündüyünüz və ağalıq etdiyiniz şəhər və cəmiyyətə dönün.

لَعَلَّكُمْ تُسْأَلُونَ

“Ola bilsin ki, (hara getmişdiniz deyə) sorğu-suala tutulasınız!”

قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ

“Onlar dedilər: “Vay halımıza! Biz, həqiqətən, zalım olmuşuq.”

فَمَا زَالَت تِّلْكَ دَعْوَاهُمْ حَتَّى جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَ

“Biz onları biçənədək (ölümə yem edənədək) elə bu sözləri deyib dururdular.”

Növbəti ayələr həqiqətdə bu tarixi həqiqətin təməli fikrini bəyan edir. Axı, nə üçün onlar bu vəziyyətə düşdülər? Nə üçün zülmkarlar məhv olmalı və onların yerini məzlumlar tutmalıdır? Nə üçün peyğəmbərlərin dəvəti gerçəkləşməli, düşmənləri isə məhv olmalıdır? Nə üçün? Səbəb budur:

وَمَا خَلَقْنَا السَّمَاء وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ

“Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq (əbəs yerə) yaratmadıq.”

لَوْ أَرَدْنَا أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَاهُ مِن لَّدُنَّا إِن كُنَّا فَاعِلِينَ

“Əgər Biz yersiz iş görmək istəsəydik, onu mütləq Öz dərgahımızdan edərdik. Lakin Biz (bunu) etmədik.”

Aləmlərin Rəbbi boş-boşuna iş görmür, gördüyü işlər puç deyil. Bu, nə deməkdir? Bu, o deməkdir ki, göy, yer və onların arasındakılarını yaratmışıqsa, səbəbsiz deyildir, müəyyən məqsəd və hədəfə çatmaq üçün yaratmışıq. Haqq, yəni göy, yer və onların arasında olanların həmin hədəfə doğru hərəkət etməsi. Göy, yer və onların arasındakı varlıqların yaradılış hədəfinə doğru hərəkət etdikləri yol “haqq” adlanır. Bir sözlə, insanı məqsədə çatdıran hər bir vasitə haqdır. Bu mətləb Quran ayəsində açıq-aşkar göstərilməsə də ayədən anlaşılan budur. Yəni, ayə üzərində dərindən düşündükdə, bu mətləb, açıq-aydın başa düşülür. Quranın metoduna görə, adətən, rahatlıqla başa düşülən, insan əqlinə aydın olan bir çox məsələlərə açıq-aşkar toxunulmur.

Sonrakı ayədə belə buyurulur:

بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ

“Xeyr, Biz batili haqq vasitəsilə rədd edərik (məhv edib aradan apararıq).”

Haqq, doğru, dünya və insanın fitri və təbii yolu sonda batilə qələbə çalacaq, haqqı batilə qalib edəcəyik.

فَيَدْمَغُهُ

“Beləcə, haqq batili tamamilə yox edər.”

فَإِذَا هُوَ زَاهِقٌ

“(Bir də baxıb görərsiniz ki,) batil yox olub getmişdir.”

وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَ

“(O zaman ey zülmkarlar, batilə üz tutanlar və haqsızlar! Vəsf etdiklərinizə görə vay halınıza!”

Növbəti ayələrdə, yenə Quranın bəyan tərzi daha maraqlı və cəlbedicidir; odur ki, insan Quranın incəlik və gözəlliklərini düzgün anlamaq üçün Quranla ünsiyyətdə olmalıdır. Adətən, Quranın bu incəlik və gözəlliklərini duymayanlar Quranla ünsiyyətdə olmayanlardır. Əgər insan Quranla ünsiyyət qurarsa, Quranın söz üslubu ilə tanış olarsa, Quranın danışıq tərzini anlayacaqdır. Haqqın gəlişi ilə batilin getməsi, haqqın qələbəsi və batilin məğlubiyyəti Quranın qəti fikridir. Daha sonra göylə yerin yaradılışı haqqında yenidən buyurulur ki, aləmlərin Rəbbi göyün, yerin və bütün kainatın malikidir. Məhz bu səbəbdən, insanın həyatı ilə bağlı hökm də Ona məxsusdur, onun həyat sistemində qanunverici Odur. O, hər şeyi idarə etməli, sahmana salmalıdır. Bir sözlə, peyğəmbərlərin müqabilində hökmranlıq edən və qüdrət nümayiş etdirənlər batildir və məhvə məhkumdur.

İlahi, Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Muhəmməd (s) və ali-Muhəmmədin (ə) həqiqi ardıcıllarından et!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, bizi dünya və axirət həyatında onlardan ayrı salma!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, bizi Öz lütf və mərhəmətinə şamil et!

İlahi, bizi Qurana itaət və əməl edənlərdən qərar ver!

 

 

 

Xülasə

Çərşənbə günü – 1974-10-09

NÜBUVVƏTİN SONU-2

Peyğəmbərliyin sonu ilə bağlı qısa şəkildə deyə bilərik ki, tarixin müxtəlif mərhələ və dönəmlərində haçan peyğəmbərlərin dəvəti özü və tərəfdarlarının kamil iman və səbri ilə yanaşı olubsa, uğur və qələbə qazanmış, münasib mühit və uyğun sistemin yaranmasında, habelə, cahilanə sistemin aradan qaldırılmasında müvəffəqiyyət əldə etmişlər. Ümumiyyətlə, peyğəmbərlər, hətta mərhələli şəkildə, zahirdə məğlubiyyətlə üzləşən peyğəmbərlər nübuvvətin ümumu hərəkət xəttində hədəf və məqsədlərinə çatmış – insanların ruhiyyəsi və düşüncə tərzini yüksəltmiş və onların sonrakı mərhələyə çatmasını təmin etmişlər.

İstər Qurani-Kərimdə olsun, istərsə də İslam Peyğəmbəri (s) və ya digər peyğəmbərlərin əhvalatları ilə bağlı məlumatlarda bu həqiqət müxtəlif ifadələrlə İslam Peyğəmbərinə (s), müsəlmanlara və peyğəmbərlərin yolu ilə hərəkət edən bütün şəxslərə agahlıq və təsəlli vermək məqsədilə aşkar şəkildə bəyan olunur:

إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُŞübhəsiz ki, Biz Öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik!

يَوْمَ لَا يَنفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ  – O gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir.

وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ(O gün) onları lənət və pis aqibət gözləyir.

وَلَقَدْ آتَيْنَا مُوسَى الْهُدَىHəqiqətən, Biz Musaya hidayət verdik.

 وَأَوْرَثْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ هُدًى وَذِكْرَى لِأُولِي الْأَلْبَابِİsrail oğullarını kitaba varis etdik (ki, o,) ağıl sahiblərinə hidayət və agahlıqdır!

فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّElə isə səbir et! Şübhəsiz, Allahın vədi haqdır.

وَاسْتَغْفِرْ لِذَنبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِيِّ وَالْإِبْكَارِGünahına görə bağışlanma dilə, axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et!

(“Mumin” surəsi, ayə 51-55.)

“Ənbiya” surəsi peyğəmbərlərin zəfər, zalımların, düşmənlərin və müxaliflərin isə məğlubiyyət nəğməsidir:

وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍ كَانَتْ ظَالِمَةًBiz zalım olan neçə-neçə məmləkəti (və cəmiyyəti) məhv etdik.

وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَOnlardan sonra başqa bir qövm (və camaat) yaratdıq.

فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُم مِّنْهَا يَرْكُضُونَOnlar əzabımızı (və qəzəbimizi) hiss etdikdə, dərhal oradan qaçmağa üz qoydular.

لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَى مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْQaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın.

لَعَلَّكُمْ تُسْأَلُونَOla bilsin ki, (hara getmişdiniz deyə) sorğu-suala tutulasınız!

قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَى إِبْرَاهِيمَ  – Biz buyurduq: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!

وَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَخْسَرِينَ  – Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana düçar etdik.

وَنَجَّيْنَاهُ وَلُوطًا إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا لِلْعَالَمِينَ  – Biz onu da (İbrahimi də), Lutu da aləmlər üçün mübarək etdiyimiz yerə qovuşdurub nicat verdik.

وَوَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ نَافِلَةً Biz ona (İbrahimə) İshaqı, üstəlik (nəvəsi) Yəqubu da bəxş etdik.

وَكُلًّا جَعَلْنَا صَالِحِينَOnların hamısını saleh kimsələr etdik.

وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَاBiz onları əmrimizlə (insanları) hidayət edən imamlar (rəhbərlər) etdik.

وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ  – Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik.

وَكَانُوا لَنَا عَابِدِينَ  – Onlar yalnız Bizə ibadət edirdilər.

(“Ənbiya” surəsi, ayə 69-73.)

 



[1]. “Saffat” surəsi, ayə 173.

[2]. “Yusuf” surəsi, ayə 110.

[3]. “Mumin” surəsi, ayə 51-55.

[4]. “Nurus-Səqəleyn”, “Mumin” surəsinin 51-i ayəsinin təfsirində.

[5]. “Ənam” surəsi, ayə 158.

[6]. “Saffat” surəsi, ayə 171-172.

[7]. “Ənbiya” surəsi, ayə 7-18.

 

Google+ WhatsApp ok.ru