Əxlaqi fəzilətlərin inkişafı üçün hazırlıqlar – Ailə tərbiyəsi və irsiyyət qanununun əxlaqda təsiri-2

Əxlaqi fəzilətlərin inkişafı üçün hazırlıqlar – Ailə tərbiyəsi və irsiyyət qanununun əxlaqda təsiri-2

Allah-Taala “Ali-İmran” surəsinin 37-ci ayəsində belə buyurur:

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا

“Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl (bir fidan kimi) böyütdü və Zəkəriyyəyə tapşırdı...”

Qurani-Kərimdə dünyanın ən şəxsiyyətli və seçilmiş qadınlarından olan Həzrət Məryəmin (s.ə.) hekayəsində maraqlı ifadələr qeyd olunur. Bu ifadələr onu göstərir ki, irsiyyət, ailə tərbiyəsi və mühit insanın ruhiyyəsinə çox böyük təsir göstərir. Tərbiyəli övlaq yetişdirmək istəyən hər kəs bu təsirlərə qarşı çox diqqətli olmalıdır. Eynilə, Həzrət Məryəmin (s.ə.) anası kimi; o, elə bir ruhiyyədə idi ki, şeytanın vəsvəsəsindən uzaq qalması üçün övladını Allaha tapşırdı. Hamilə olarkən arzu etdi ki, övladı Allah evinin xidmətçilərindən olsun və hətta bu iş üçün nəzir də etdi. Ayədə buyurulur ki, “Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl (bir fidan kimi) böyütdü və Zəkəriyyəyə tapşırdı...”

İnsanın pak vücudunun fidana bənzədilməsi o həqiqətdən xəbər verir ki, bir gözəl gül koluna və ya barlı bir ağaca qulluq etmək istədikdə, əvvəlcə, onu alaq otlarından təmizləyirsən, sonra boy atması üçün başqa tədbirlər görürsən. Hər bir bağban da beləcə səliqə ilə məhz bu ardıcıllıqla çalışır. İnsanlar da belədir; həm ruhda və canda olan irsi amillər, həm də ailə və cəmiyyətdə olan amillər ona təsir edir.

Diqqəti çəkən digər məsələ də budur ki, ayədəki cümlənin sonunda وَكَفَّلَهَا زَكَرِيَّا“Onu (Məryəmi) Zəkəriyyəyə tapşırdı”, – deyə buyurulur. Təbii ki, Allahın seçdiyi böyük bir peyğəmbərin himayəsində tərbiyə alan bir insanın aqibəti də gözəl olacaq. Təəccüblü deyil ki, belə bir ali tərbiyə ilə Məryəm ali bir əxlaq, təqva və iman məqamına çatacaq. Ayənin davamında da buna toxunularaq buyurulur:

كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقاً قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَـذَا قَالَتْ هُوَ مِنْ عِندِ اللّهِ إنَّ اللّهَ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ

“Zəkəriyyə hər dəfə onun ibadət etdiyi mehraba girdikdə, yanında bir ruzi olduğunu görərdi. “Ya Məryəm, bunlar sənin üçün haradandır?” – dedikdə, o: “Allah tərəfindəndir!” – deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!”

Bəli, cənnət tərbiyəsinin nəticəsi də belə gözəl əxlaq və cənnət nemətləri olacaq! (“Quranda əxlaq”, Ayətullah Məkarim Şirazi, səh.150-151.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru