İmam Əlinin (ə) kəlamlarında islami iqtisad barədə işarələr - 1

İmam Əlinin (ə) kəlamlarında islami iqtisad barədə işarələr - 1

“İqtisad” sözü ərəb mənşəli olub, orta yolu tutmaq, miqdarında xərcləmək və bu kimi sözlər mənasını daşıyır. “İslami iqtisad” dedikdə isə “dini qayda və üsullara uyğun orta yolu tutmaqla iqtisadi yaşam üslubu” nəzərdə tutulur. 
 
İslamın iqtisadi sistemi var-dövlət yığmala daim mübarizə aparır. İslam baxımından istehsal azad, xərcləmək isə məhduddur. İslama görə, hər bir fərdin istədiyi qədər istehsaletmə hüququ vardır, xərcləməyə gəldikdə isə, İslam dini həmin fərd üçün müəyyən qayda-qanunlar qoymuşdur.
 
Var-dövlət toplamaq nə deməkdir? Yəni, İctimai və şəxsi etibar (mənsəb, nüfuz) cəhətindən ehtiyacından artıq mal toplamaq, həddən artıq dünyaya sahib olmaq və mal-dövlət yığıb-saxlamaq üçün çalışmaq. 
 
Şəxsi etibar dedikdə, iş, ailə və yaş həddi nəzərdə tutulur. Hər bir şəxsin insani hüququdur ki, işlədiyi məkana, ailəsinə və yaş həddinə uyğun maddi yaşam tərzinə sahib olsun. Amma insanın ona kifayət edəcək həddən artıq maddi sərvətə sahib olması üçün çalışması İslam mətnlərində məzəmmət olunmuşdur. Məsələn, Qurani-Kərimdə öz qövmü içində var-dövlətin çoxluğu ilə öyünən Qarun haqqında belə buyurulur :  
 
فَخَرَجَ عَلَى قَوْمِهِ فِي زِينَتِهِ قَالَ الَّذِينَ يُرِيدُونَ الْحَيَاةَ الدُّنيَا يَا لَيْتَ لَنَا مِثْلَ مَا أُوتِيَ قَارُونُ إِنَّهُ لَذُو حَظٍّ عَظِيمٍ
 
«(Bir gün Qarun) şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: «Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o (dünyada) böyük bir qazanc sahibidir.»» (»Qəsəs», 79.)
 
Ayənin bizə verdiyi mesajlar aşağıdakılar ola bilər :
 
1. “Dünya həyatını istəyənlər” – yəni, hədəfləri dünya üçün çalışmaq olanlar;
 
2. “Kaş bizə də...“ – yəni, dünya həyatını qazanmaq üçün həsrət çəkənlər;
 
3. “Həqiqətən...” – yəni, həyatdan yalnız maddi şəkildə bəhrələnmək.
 
Həzrət Əlinin (ə) mübarək kəlamlarında da insanları iqtisadi cəhətdən düzgün yaşamağa dəvət edən mövzulara çox rast gəlinir. Bundan əlavə, Həzrətin özü də düzgün iqtisadi yaşam tərzini dövrünün insanlarına əməli surətdə göstərmişdir. O Həzrət dünyanın maddiyyatını və var-dövlət yığmağı özünün hədəfi qərar verənlər haqqında buyurur : 
 
الحریص لا یکتفي
 
“Həris şəxs heç nəyə razı olmur.” (“Ğurərul-hikəm”, c.1, səh.31.)
 
Başqa bir hədisdə belə buyurur:
 
مَنْ رَضِيَ مِنَ اَلدُّنْيَا بِمَا يُجْزِيهِ كَانَ أَيْسَرُ مَا فِيهَا يَكْفِيهِ وَ مَنْ لَمْ يَرْضَ مِنَ اَلدُّنْيَا بِمَا يُجْزِيهِ لَمْ يَكُنْ فِيهَا شَيْءٌ يَكْفِيهِ
 
“Dünya malından ona kifayət edəcək qədər verilənə qane olan şəxsə, dünyadan olan ən az bəhrə belə bəs edər. Dünya malından ona kifayət edəcək qədər verilənə qane olmayan şəxsə dünyadan heç nə bəs etməz və dünyada ona kifayət edəcək bir şey yoxdur.” (“Üsuli-kafi”, c.2, səh.140.)
 
Dünya həyatı hər bir insan üçün rifah və ləzzət tələb etmək, dəbdəbəçilik və təmtərağa sahib olmaq üçün hədəf, ya da axirət aləminə üzüağ köçmək üçün bir vasitədir. 
Əlbəttə, mümkündür ki, bir insan fəqir olsun, amma bununla belə, dəbdəbəli və təmtəraqlı həyatı arzulasın, başqalarının maddi imkanlarına baxıb həsrət çəksin, psixoloji baxımdan daim depressiyyada olsun. Dini baxımdan insanın özünü sərvət üçün belə bir vəziyyətə salaraq, ruhi cəhətdən sarsılması bəyənilən bir hal deyildir.
 
Burada belə bir sual yaranır: “İslam dini insanın rifah içində yaşamasının əleyhinədirmi?” Cavab mənfidir. İslam nöqteyi-nəzərindən rifah bəyənilən bir haldır, amma rifahın özü insanın hədəfi olmamalıdır. Yəni, insan gecə-gündüz, bütün ömrünü yalnız rifah içində yaşamaq üçün sərf etməməlidir. İmam Əli (ə) Bəsrədə səhabəsi Əla ibn Ziyad Harisi xəstə ikən ziyarət etdiyi zaman onun evinin genişliyini görüb buyurur :
 
مَا کنْتَ تَصْنَعُ بِسِعَةِ هَذِهِ الدَّارِ فِي الدُّنْيَا وَ أَنْتَ إِلَيْهَا فِي الْآخِرَةِ کنْتَ أَحْوَجَ وَ بَلَى إِنْ شِئْتَ بَلَغْتَ بِهَا الْآخِرَةَ تَقْرِي فِيهَا الضَّيْفَ وَ تَصِلُ فِيهَا الرَّحِمَ وَ تُطْلِعُ مِنْهَا الْحُقُوقَ مَطَالِعَهَا فَإِذاً أَنْتَ قَدْ بَلَغْتَ بِهَا الْآخِرَةَ
 
“Dünyada bu evin genişliyi ilə nə etmisən? Halbuki sən onun genişliyinə axirətdə daha möhtacsan. (Çünki bu evdə bir neçə gündən artıq qalmayacaqsan. O birində isə həmişəlik qalacaqsan.) Bəli, əgər bu evin genişliyi ilə axirət evinin genişliyini də əldə etmək istəyirsənsə, onda qonaq qəbul edərək qohum-əqrabanla əlaqədə ol, ondan şəriətin (xüms, zəkat, sədəqə və digər vacib və müstəhəbb) haqlarını ver ki, belə olan halda, bu evin genişliyi vasitəsi ilə axirət evinin genişliyini də qazanmı(ş olar)san.”
 
Sonra Əla o Həzrətə dedi: 
 
فَقَالَ لَهُ الْعَلَاءُ يَا أَمِيرَ الْمُؤْمِنِينَ أَشْکو إِلَيْک أَخِي عَاصِمَ بْنَ زِيَادٍ قَالَ وَ مَا لَهُ قَالَ لَبِسَ الْعَبَاءَةَ وَ تَخَلَّى عَنِ الدُّنْيَا قَالَ عَلَيَّ بِهِ فَلَمَّا جَاءَ قَالَ يَا عُدَيَّ نَفْسِهِ لَقَدِ اسْتَهَامَ بِک الْخَبِيثُ أَ مَا رَحِمْتَ أَهْلَک وَ وَلَدَک أَ تَرَى اللَّهَ أَحَلَّ لَک الطَّيِّبَاتِ وَ هُوَ يَکرَهُ أَنْ تَأْخُذَهَا أَنْتَ أَهْوَنُ عَلَى اللَّهِ مِنْ ذَلِک قَالَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ هَذَا أَنْتَ فِي خُشُونَةِ مَلْبَسِک وَ جُشُوبَةِ مَأْکلِک قَالَ وَيْحَک إِنِّي لَسْتُ کأَنْتَ إِنَّ اللَّهَ تَعَالَى فَرَضَ عَلَى أَئِمَّةِ الْعَدْلِ أَنْ يُقَدِّرُوا أَنْفُسَهُمْ بِضَعَفَةِ النَّاسِ کيْلَا يَتَبَيَّغَ بِالْفَقِيرِ فَقْرُهُ
 
“Ey Əmirəlmöminin, qardaşım Asim ibn Ziyaddan sənə şikayət edirəm.” O Həzrət buyurdu: “Nə üçün?” Dedi: “O, (tərkidünya rahiblər kimi) cod paltar geyinərək dünyadan uzaqlaşıb.” Həzrət buyurdu: “Onu mənim yanıma gətirin.” O gələndə (Həzrət ona belə) buyurdu: “Ey özünün düşmənciyəzi! Murdar və xəbis (şeytan) səni avara edib (və səni bu yola sövq edərək onu sənin gözündə gözəlləşdirib).” (Təklik və dərvişliyi öz peşən etməklə) arvad-uşağına rəhm etmirsən? Belə güman edirsən ki, Allah pak şeyləri sənə halal edib, amma sənin onlardan bəhrələnməyini xoşlamır? Sən Allahın bir neməti sənə halal edərək sənin ondan bəhrələnməyini istəməməsindən aşağısan! (Çünki bu, peyğəmbərlərin və onların canişinlərinin məqamıdır.)”
 
Asim dedi: “Ey Əmirəlmöminin, mənim işim səninki kimidir ki, paltarın cod, yeməyin isə bərk və dadsızdır!”
 
Həzrət buyurdu: “Vay olsun sənə! Mən sənin kimi deyiləm. Çünki Allah-Taala haqq rəhbər və imamlara özlərini yoxsullarla bir tutmağı vacib edib ki, yoxsulun qəm-qüssəsi onu sıxıb narahat etməsin.” (“Nəhcul-bəlağə”, 209-cu xütbə.)
 
Bu rəvayətə əsasən, mal-dövlət heç də pis bir şey deyil. Lakin insan mal-dövlət toplamağa can atmamalı, hədəfi yalnız sərvət toplamaq olmamalı, əksinə, sahib olduğu sərvəti lazımi yerdə və düzgün şəkildə xərcləməlidir. Rəvayətdə, həmçinin, tərkidünyalıq da məzəmmət olunur. Nəticə etibarilə, rəvayət insana düzgün iqtisadi tərzdə yaşamağı başa salır.
 
Ardı var..
 
Rüfət Quliyev (Maide.az)
 

Google+ WhatsApp ok.ru