Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 2

Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 2

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
 
2-ci hissə
 

وَ انْقَادَتِ النِّعْمَةُ لَهُ مَعَهُمْ

Baxın görün, dünya nemətlərinin keçmiş xoşbəxt ümmətlərə nəsib və hakim olması, onların ixtiyarında olmasına hansı amil səbəb olubsa, siz də həmin amili kəsb edin. Məsələn, onlar dünya nemətlərini elm, yenilik, iş, əmək, çalışqanlıq, ağıl, düşüncə, zəka və ayıqlıq sayəsində qazanıblarsa, siz də işə, əməyə, çalışqanlığa önəm verin, yenilik, elm, ağıl, düşüncə, zəka və maariflənmə ardınca olun.

وَ وَصَلَتِ الْكَرَامَةُ عَلَيْهِ حَبْلَهُمْ

Baxın, görün, onların dəyərli olması, tarixdə və dünya xalqları arasında ehtiramla yad edilməsi və dünya xalqlarının onlara baş əyməsinə nə səbəb oldu? Səbəb hər nədirsə, siz də onu özünüz üçün kəsb edin.

Yaxşı! Görəsən, keçmiş ümmətlərin izzət və hörmətinə, düşmənlərin onlardan uzaqlaşmasına, afiyət və rahatlıq içində olmasına, nemətlərin onları əhatə etməsinə, xalqlar içərisində əzəmətinə nə səbəb oldu? Hansı işlər bu yaxşılıqlar və dəyərləri formalaşdırdı? Əmirəlmöminin Əli (ə) onları sadalayır:

مِنَ الِاجْتِنَابِ لِلْفُرْقَةِ

“Birincisi odur ki, onların arasında ikitirəlik, təfriqə və ixtilaf yox idi.”

Onlara vəhdət və birlik hakim idi. İxtilaf və çəkişmədən, bir-birilə mübarizədən uzaq idilər. Keçmiş ümmətlər vəhdət və birlik nəticəsində ucaldıqları kimi, siz İslam ümməti də ucalıq əldə etmək istəyirsinizsə, mütləq vəhdət və birliyinizi qorumalı, ya da onu öz aranızda bərpa etməlisiniz.

وَ اللُّزُومِ لِلْأُلْفَةِ

“Ülfət və mehribanlıqları seçin.”

Dillər bir-birindən uzaq olsa da, qəlblər bir-birinə yaxın olmalıdır. Burada yaşayan müsəlmanlar Şərq və Qərb ölkələrində yaşayan müsəlmanları özünə qardaş bilməlidirlər. İranlı müsəlman Cənub-Şərqi Asiyada – Filippində yaşayan müsəlmanları, eləcə də, Efiopiya və Həbəşistan, həmçinin Qərbdə yaşayan müsəlmanları öz qardaşı hesab etməli, özündən bilməli və özünü onlarla bir tutmalıdır. Qardaşlıq nə dillə, nə də nəsihətlədir, ülfət, həmrəylik və mehribanlıqdadır. Filippin və yaxud İndoneziya, Malayziya, Hindistan, Pakistan, Əfqanıstan və İrandan tutmuş Aralıq dənizinə qədər bütün müsəlmanlar bir-birilə qardaşdırlar. Bütün bu komponentlər bir-birilə vəhdət təşkil etməli, bir və möhkəm olmalı, ixtilafdan çəkinməlidirlər.

Sizi Allaha and verirəm, siz özünüz qəzavət edin, əgər İslam dünyası Əli ibn Əbutalibin (ə) yalnız bu tövsiyəsinə əməl edərsə, dünya necə olar? “Nəhcül-bəlağə” budur! “Nəhcül-bəlağə”də deyilir ki, bu gün yeddi yüz milyon müsəlman[1] İslam və Quran düşmənləri qarşısında həmrəy, hamı İslam həqiqətlərinin yayılması üçün yekdil, hamı İslama ağız əyənlər və bədxahları əzmək üçün yumruq kimi bir olmalıdır.

مِنَ الِاجْتِنَابِ لِلْفُرْقَةِ

İxtilafdan çəkinmək,

وَ اللُّزُومِ لِلْأُلْفَةِ

ülfət və həmrəyliyi seçmək,

وَ التَّحَاضِّ عَلَيْهَا

insanları ülfət, vəhdət və yekdilliyə həvəsləndirmək

وَ التَّوَاصِي بِهَا

və (sadalanan xüsusuyyətləri) bir-birinə tövsiyə etmək.

Mənim hal-hazırda sizə “Ey müsəlmanlar, bir olun, həmrəy olun!” – deyə tövsiyə etdiyim kimi, dünya müsəlmanları, müsəlman xalqları da hamılıqla bir yolda, bir hədəfə və bir istiqamətə doğru, yekdil və həmrəyliklə hərəkət etməlidir. Bir Quran və bir “Nəhcül-bəlağə” ilə və bir bayraq altında birləşərək bəşəriyyət dünyasına doğru yönəlməli və dünyanı köləlikdən, quldarlıqdan və nəfsi istəklərdən azad etmək istiqamətində addımlamalıdırlar. İslam ümmətinin belə bir məsuliyyəti və öhdədarlığı vardır. Qurani-Kərimdə buyurulur:

كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ

(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış və zahir olmuş ən yaxşı ümmətsiniz...

Siz insanların azadlığı üçün yaranmısınız. Bəşəriyyətin, dünyanın abadlıq və azadlığı siz müsəlman ümmətinin öhdəsindədir. Bu işləri görmək üçün bir olun. Elə bu gün üç milyard insanı[2] azad edin. Əgər müsəlman ümməti Həzrət Əli ibn Əbu Talibin (ə) səsinə qulaq assaydı, həm öz həyatı bugünkündən yaxşı olardı, həm də dünyanı bugünkündən yaxşı edərdi.

Bu, Əmirəlmöminin Əlinin (ə) bir tövsiyəsidir. O Həzrət buyurur ki, keçmiş ümmətlərə nəzər salın, görün, onlar necə ixtilaf və ayrılıqdan çəkindikdə, hörmət, şərəf, nemətə və kəramətə nail oldularsa, siz də ixtilafdan çəkinin, mehriban olun.

Keçmiş cəmiyyətlərin geriləmə səbəbi – düşmənçilik və bir-birinə yardım etməmək

وَ اجْتَنِبُوا كُلَّ أَمْرٍ كَسَرَ فِقْرَتَهُمْ

“Keçmiş ümmətlərin onurğa sütununu sındırmış hər bir işdən çəkinin.”

Tarixdə hədsiz şövkət və izzət içində yaşayan bir ümmət, bir millət, bir cəmiyyət, qəflətən dağılıb həlak olur, onurğa sütunu, belinin fəqərə sümükləri sınır. Görün, həmin ümmət və millətin belini sındıran səbəb nədirsə, siz də ondan çəkinin, İslam ümmətinin onurğa sütununun sınmasına imkan verməyin.

وَ اجْتَنِبُوا كُلَّ أَمْرٍ كَسَرَ فِقْرَتَهُمْ وَ أَوْهَنَ مُنَّتَهُمْ

“Onların onurğa sütununu sındırmış və qüvvələrini süstləşdirmiş hər bir işdən çəkinin.”

Görəsən, həmin iş nədir?

مِنْ تَضَاغُنِ الْقُلُوبِ

“Qəlblərdə düşmənçilik yaratmaq.”

وَ تَشَاحُنِ الصُّدُورِ

“Sinələrdə bir-birinə qarşı kin bəsləmək.”

وَ تَدَابُرِ النُّفُوسِ

“İnsanların bir-birinə arxa çevirməsi.”

وَ تَخَاذُلِ الْأَيْدِي

“Bir-birinin xeyrinə yardımlaşmaması.”

Sən bir müsəlman qardaşın düşmənin hücumuna məruz qaldığını görüb ona yardım əlini uzatmasan, nəticə belə olacaq (onurğa sütunu sınacaq). Sən özün düşmənlə üz-üzə qaldıqda, qardaşın sənə kömək əlini uzatmasa, yenə də nəticə eyni olacaq. “Bir-birinin xeyrinə yardımlaşmama”nın mənası budur, yəni yardımını (qardaşından) əsirgəmək, bir insanı yalqız qoymaq, onu müharibə meydanında atıb qaçmaq və tək qoymaq. “Təxazulil-əydi”  (تَخَاذُلِ الْأَيْدِي)ifadəsinin mənsı budur ki, nə sən ona yardım əlini uzadırsan, nə də o sənə!

Keçmişdəki möminlərin sərgüzəşti haqqında düşünməyə tövsiyə

Növbəti tövsiyə:

وَ تَدَبَّرُوا أَحْوَالَ الْمَاضِينَ مِنَ الْمُؤْمِنِينَ قَبْلَكُمْ

“Keçmiş və sizdən qabaqkı möminlərin vəziyyətləri barəsində düşünün.”

Tarix boyu sizdən öncə izzət və şərəflə yaşayan mömin və müsəlmanların – Həzrət İbrahim (ə), Həzrət Musa (ə) və Həzrət İsa (ə) ümmətinin müsəlmanları, həvarilər, bəşəriyyət və insan cəmiyyətləri arasındakı böyük ilahi peyğəmbər və islahatçıların ardıcıllarının sərgüzəştləri haqqında düşünün. Görün, keçmiş zamanların möminləri nə edirmiş və necə əməl edirmişlər?

وَ تَدَبَّرُوا أَحْوَالَ الْمَاضِينَ مِنَ الْمُؤْمِنِينَ قَبْلَكُمْ

Onların vəziyyətləri barəsində fikirləşin, düşünün.

İslam mətnlərində düşünmək, fikirləşmək və təfəkkür etmək məsələsinə həddən artıq təkid olunmuşdur! Quran, “Nəhcül-bəlağə” və məsum imamların (ə) kəlamları – hamılıqla bizi təfəkkür etmək, fikirləşmək, düşünmək, hadisələri analiz etmək, hadisələrdən xəbərdar olmaq, ayıq olmaq, qəflətdən ayılmaq, xəbərsiz və məlumatsız qalmamağa əmr edir və müsəlmanları ayıq və zirək olmağa səsləyir. Sözügedən ifadədə də buyurulur:

وَ تَدَبَّرُوا أَحْوَالَ الْمَاضِينَ مِنَ الْمُؤْمِنِينَ قَبْلَكُمْ

“Keçmiş və sizdən qabaqkı möminlərin sərgüzəştləri haqqında düşünün və mütaliə edin.”

كَيْفَ كَانُوا فِي حَالِ التَّمْحِيصِ وَ الْبَلَاءِ

Baxın, görün, keçmiş zamanların möminləri çətin durumlarda, həyatın çətinliklərinin təzyiqi altında, dözülməz bəlalarda necə rəftar edirdilər? Onların vəziyyətlərinə bir nəzər salın. Qurani-Kərimdə keçmiş ümmətlərlə bağlı bu qədər tarixi əhvalatlar nə üçün bəyan olunur? Görəsən, başımızı qatmaq və yorulmamaq üçünmü? Öz aramızda davam edən iki-üç saatlıq söhbət əsnasında biz yorula bilərik və yorğunluğumuzu aradan qaldırmaq üçün bir hekayə danışırıq. Görəsən, Qurani-Kərim də yorğunluğu aradan qaldırmaq, əylənmək üçünmü hekayə nəql edir? Musa peyğəmbərin (ə) əhvalatını nəql etməkdə məqsəd bizim bir qədər əylənməyimizdirmi? Xeyr! Musa peyğəmbərin (ə) əhvalatı və digər bütün sərgüzəştlər dərs almaq, ibrət götürmək və öyrənmək üçündür.

Tarix boyu möminlərin din uğrunda düçar olduğu çətinlik və içgəncələr

Əmirəlmöminin Əli (ə) buyurur: Baxın, görün, sizdən qabaqkılar bəla və çətinlik zamanı, ağır təzyiqlər altında necə yaşamışlar?!

قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ. النَّارِ ذَاتِ الْوَقُودِ. إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ. وَهُمْ عَلَى مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ

“Ölüm olsun çırpı ilə alovlandırılmış “Xəndək” sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan zalımlara)! O zaman onlar odlu xəndəklərin ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.”[3]

Sübhanəllah! Onlar odlu xəndəklər düzəltdilər. Dedilər ki, siz tutduğunuz yoldan daşınmalısınız. Möminlər isə dedilər: “Biz bu yoldan əl çəkən deyilik!” O zalımlar da yuxarıda əyləşib məğrurluq və təkəbbürlülüklə cəlladlara dedilər: “Birinci şəxsi atın!” Birincini başıaşağı oda atdılar. O da diri-diri odda yandı. İkinci şəxsə dedilər: “Sən yolundan dön!” Dönmədi. O da diri-diri yandırıldı. Son nəfərə kimi, bütün möminlər bəla və işgəncənin – diri-diri odda yanmaq və külə dönməyin nə olduğunu əminliklə başa düşür və bilirdilər. Bununla belə, haqq yoldan dönmədilər. Onlar bəla və işgəncə zamanı da möhkəm, dözümlü və səbirli idilər; polad kimi döyüldükcə, daha da möhkəmlənirdilər. Onlar çətinliklərlə daha çox üzləşdikcə, iman məntiqində, etiqad və ixlas məsələsində daha da iradəli, daha da əzmli, daha da möhkəm olurdular.

Əmirəlmöminin Əli (ə) bizə keçmişi xatırladır və buyurur ki, onların əhvalına bir nəzər salın, görün, bəla, çətinlik və işgəncələr zamanı, hər tərəfdən bəla dalğaları üzük qaşı tək dövrəyə aldıqda, nə edirdilər? Bax, onların gördükləri işlər barəsində düşünün.

وَ تَدَبَّرُوا أَحْوَالَ الْمَاضِينَ مِنَ الْمُؤْمِنِينَ قَبْلَكُمْ كَيْفَ كَانُوا فِي حَالِ التَّمْحِيصِ وَ الْبَلَاءِ

“Keçmiş və sizdən qabaqkı möminlərin əhvalatı barəsində düşünün. Görün, onlar sınaq meydanında, bəlalar bataqlığında necə idilər?”

أَلَمْ يَكُونُوا أَثْقَلَ الْخَلَائِقِ أَعْبَاءً

“Bəyəm, onların yükü və müsibəti digər insanların müsibətindən daha ağır deyildimi?” Həqiqətən də belə idi.

وَ أَجْهَدَ الْعِبَادِ بَلَاءً

“Başqalarından daha çox müsibət və çətinlikdə idilər.”

وَ أَضْيَقَ أَهْلِ الدُّنْيَا حَالًا

“Həyatları dünya əhlindən daha sıxıntılı, daha ağrılı idi.”

Bəli, keçmişdəki möminlər belə idilər!

اتَّخَذَتْهُمُ الْفَرَاعِنَةُ عَبِيداً فَسَامُوهُمْ سُوءَ الْعَذَابِ

“Dünyanın fironları, tarixin fironxislətli insanları, hegemon və zülmkar qüvvələri onları özlərinə nökər və kölə etmək istəyir, ən ağır əzabları onlara dadızdırırdılar.”

وَ جَرَّعُوهُمُ الْمُرَارَ

“Ən acı və ən ağır müsibətləri onlara qurtum-qurtum içirirdilər.”

“Murar” – dəvənin qalın dodaqları ilə yediyi “tikan”a və yaxid “ağac yarpağı”na deyilir. Dəvə tikan yeyir, özü də ucu iti və kəskin tikanlar. Dəvətikanının adını yəqin ki, eşitmisiniz. Amma “murar” elə bir tikan növüdür ki, dəvə onu yedikdə, dodaqları parçalanır, yaralanır. Əmirəlmöminin Əli (ə) bu ağır bəlaları, bu çətin əzabları “murar”a (tikana) bənzədir. Buyurur ki, zalımlar sanki tikanları – dözülməz işgəncələri onların boğazlarına qurğuşun tək qurtum-qurtum tökür, onları öldürür, onlara əzabı dadızdırır, əl-ayaqlarını doğrayır, işgəncələrə, müsibətlərə və çətinliklərə məruz qoyur, salamatçılıq, yaxşılıq, xoşluq və rahatlıqları onların üzünə bağlayır, dolanışıq baxımından sıxıntıda saxlayır, dünyəvi ləzzətlərdən məhrum edirdilər. Bir sözlə, bu dünyada nə bəla var idisə, onlara yağdırırdılar.

فَلَمْ تَبْرَحِ الْحَالُ بِهِمْ فِي ذُلِّ الْهَلَكَةِ وَ قَهْرِ الْغَلَبَةِ

“Onlar həmişə həlakət xarlığı və dövrün fironlarının istismarı altında inləyirdilər.”

Fironların hegemonluqları və hədsiz zülmkarlıqları səbəbindən insanlar daima qorxu-hürkü, ağrı-acı içində yaşayırdılar.

لَا يَجِدُونَ حِيلَةً فِي امْتِنَاعٍ وَ لَا سَبِيلًا إِلَى دِفَاعٍ

“Onlar öz canlarını müdafiə etmək və buna mane olmaq üçün bir yol tapa bilmirdilər.” Özlərini layiqincə müdafiə edə bilmirdilər. İdeoloji baxımdan hegemon qüdrətlə müxalifətçilik edən sayca az bir qrup özünü necə müdafiə edə bilər? Axı, hər bir şey həmin qüdrətin ixtiyarındadır; silah, pul, qoşun onun əlində, siyasi qüvvələr və təbliğat onun əlində. Ona qarşı çıxan bir dəstə onun müqabilində nə edə bilər? O da bu dəstəyə təzyiq göstərir.

İzzət və başıucalıq – Keçmişdəki möminlərin Allah yolunda səbir və müqavimətinin nəticəsi

حَتَّى إِذَا رَأَى اللَّهُ سُبْحَانَهُ جِدَّ الصَّبْرِ مِنْهُمْ عَلَى الْأَذَى فِي مَحَبَّتِهِ

Onlar Allaha məhəbbət yolunda bu ağır bəla və müsibətləri öz möhkəm çiyinləri və qüdrətli əllərində o qədər saxladılar ki, nəhayət, Allah-Taala onların səbir etməkdə çalışqanlığını, tövhid yolunun həqiqi yolçuları olduqlarını və ona həqiqi bəndəçilikdən əl çəkmədiklərini nəzərə aldı. Doğrudan da, dözümlülük göstərdiklərini, Ona məhəbbət və sevgi yolunda hər şeyə hazır olduqlarını, ən ağır işgəncələrə və əziyyətlərə tab gətirdiklərini qiymətləndirdi.

وَ الِاحْتِمَالِ لِلْمَكْرُوهِ مِنْ خَوْفِهِ

Gördü ki, Ondan qorxduqları üçün çirkinlikləri – həyatın çətinlikləri və xoşagəlməz hadisələrini canla-başla qəbul edir, yurd-yuvasından ayrı düşüb sıxıntılara, əzab-əziyyətlərə, qorxu-hürkü və maddi çatışmazlıqlara sinə gərir, haqqı deyir, bu yolda möhkəm dayanırlar. Bu zaman:

جَعَلَ لَهُمْ مِنْ مَضَايِقِ الْبَلَاءِ فَرَجاً

“Onları sıxıntılardan və ağır bəlalardan qurtarmaq üçün bir yol açdı.”

Baxın, Əmirəlmöminin (ə) onlara keçmiş ümmətləri xatırladır. O Həzrət öncə buyurmuşdu ki, keçmiş ümmətlərin sağlam həyat tərzi, rifahı, neməti, hörmət və izzətinə səbəb olan işləri siz də görün. İndi isə o Həzrətin bu bəyanında bizə buyurulur ki, bu işlər, bu izzət və başıucalıqlar səbrin, çətinliklərdə dözümlülüyün, iki-üç günlük (dünyəvi) rahatlığı Allaha xatir fəda etməyə hazır olmağın nəticəsidir.

 

1-ci hissəni BURADAN oxuya bilərsiz!

Ardı var...



[1]. 1974-1975-ci illərin statistikası.

[2]. 1974-1975-ci illərin statistikası.

[3]. “Buruc” surəsi, ayə 4-7.

 

Google+ WhatsApp ok.ru