Şəhid baş leytenantın medalı onun oğluna təqdim olunub

 

Azərbaycan Ordusunun zabiti, baş leytenant İqbal Sərraf oğlu Əhmədovun 35 illik yubileyi doğulduğu Lənkəranda qeyd olunub.

 
"Report" xəbər verir ki, Müdafiə Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən anım tədbiri şəhidin torpağa tapşırıldığı Lənkəranın Aşağı Nüvədi kəndindəki məzarının ziyarəti ilə başlayıb.
 
Heydər Əliyev Mərkəzində davam etdirilən anım mərasimində rayonun rəhbər işçiləri, Lənkərandan olan deputat Hadı Rəcəbli, şəhidin ailə üzvləri və yaxınları, eləcə də hərbi hissələrdən dəvət olunmuş əsgər və zabitlər iştirak edib.
 
Çıxış edənlər dövlətin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi qayğıdan danışıblar. Qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyev ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçən vətən oğullarının ailə üzvlərini daim diqqət mərkəzində saxlayır.
 

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani cəbhədə şəhid olmuş hərbiçinin doğum günündə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı şəhidin ailəsinə təhvil verib./


Google+ WhatsApp ok.ru