Azərbaycanda polkovnik əsgəri güllələyib - FOTO

Ötən həftə Tovuzda yerləşən N saylı hərbi hissədə xidmət çəkən 19 yaşlı Tarverdiyev Çingiz Aydın oğlu komandiri tərəfindən başından tapança ilə güllələnib. Yaralı dərhal Gəncə şəhər hərbi hospitalına aparılıb. Əsgər baş nahiyəsindən güllə yarası aldığı üçün hazırda komadadır. 

Əsgərin atası Tarverdiyev Aydın Hüsü oğlunun “Azadlıq”a verdiyi məlumata görə,  övladının vəziyyətinin ağır olmasına baxmayaraq hələdə heç bir tədbir görülməyib. Onun dediyinə görə, hadisə şəxsi zəmində baş verdiyi üçün gizlədilir. Elə bu səbəbdən əsgər baxımsız vəziyyətdə qalıb. Əsgərin valideyni hərbi prokurorluğa və Müdafiə Nazirliyinə şikayət etdiyini, lakin bunun nəticəsiz qaldığını deyir. 

esger-cingiz

Aydın Tarverdiyev oğlunun 2014-cü il yanvar ayının 6-da Cəlilabad rayonundan hərbi xidmətə getdiyini və Gəncə şəhərində hərbi xidmətə başladığını bildirirdi: “Hərbi xidmətinin ilk günlərində o soyuqlayıb və xəstələnib. Xəstə olmasına baxmayaraq oğluma heç bir tibbi yardım göstərilməyib. Bundan təsirlənən Çingiz özünə qəsd edərək, qolunun damarlarını kəsib və hospitala götürülüb”. Aydın Tarverdiyevin sözlərinə görə, hospitaldan sonra özünə qəsd edən Çingizin məhkəməsi olub və o 5 ay azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra əsgər Tarverdiyev xidmətini Tovuz rayonunda N saylı hərbi hissədə davam etdirib. Dekabr ayında ona 10 günlük məzuniyyət verilib. 

Aydın Tarverdiyev bildirir ki, oğlu ilə sonuncu dəfə hadisədən bir gün əvvəl, yanvarın 26-da danışıb: “Çingiz hər şeyin normal olduğunu bildirdi. Səhər isə mənə hərbi hissədən özünü polkovnik rütbəsində olan komandir kimi təqdim edən bir şəxs tərəfindən zəng gəldi. Həmin şəxs bildirdi ki, oğlun silahı özünə dirəyib, telefonda musiqi səsləndirir və siqaret çəkir. Mən əmr gözləyirdim ki, onu vurum, amma bu vaxt oğlun bizi atəşə tutdu. Biz də məcbur olub cavab atəşi açdıq və atılan güllələrdən biri oğluna dəydi”. 

Əsgər atasının bildirdiyinə görə, hadisə yerində olan başqa bir şəxs ona deyib ki, Çingiz Tarverdiyev başından vurulduqdan sonra əsgərlərdən biri həmin polkovnikə “komandir heç olmasa qolundan vuraydız? deyib.

Aydın Tarverdiyevin sözlərinə görə, oğlunun vəziyyəti kritik olsa da buna müvafiq tibbi yardım göstərilmir: “Oğlum artıq neçə gündür komadadır. Komadan ayılmır. Gəncə hospitalındakı tibbi müdaxilə yetərli deyil. Çingizi Bakıya götürməlidirlər. Amma bunu etmirlər. Oğlumun qanını batırmaq istəyirlər. Amma mən bu məsələnin tam araşdırılması və günahkarın öz cəzasını alması üçün əlimdən gələni edəcəm. Müdafiə Nazirliyinə və Prezident Administrasiyasına gedib öz etirazımı bildirəcəm”.

Əsgər atası övladının hansı səbəbdən və kimlər tərəfində güllələnməsinin ciddi şəkildə araşdırılması tələbilə dövlət başçısına müraciət edib. 

Əsgər atası müraciətdə oğlunun zabit tərəfindən vurulduğunu, lakin vəziyyətinin ağır olmasına baxmayaraq əməliyyat üçün Bakıya gətirilmədiyi bildirir: “Oğlumu Bakıya aparmaq üçün vertolyot lazımdır. Ancaq deyirlər ki, vertolyotla göndərə bilmərik. Onun Gəncə hospitalında ölməyini istəyirlər. Oğlumun qanını batırmaq istəyirlər. Sizə üz tutub yalvarıram, kömək edin”.

Aydın Tarverdiyevin “Azadlıq”a verdiyi son məlumata görə, oğlunu müalicə edən Elşad adlı həkim Çingiz Tarverdiyevin vəziyyətinin nisbətən yaxşılaşdığını və onu maşınla da Bakıya çatdıra biləcəklərini deyib.  

Həmçinin əldə etdiyimiz məlumata görə, Hərbi Prokurorluqda faktla bağlı cinayət işi başlanıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı.

Google+ WhatsApp ok.ru