Zakir Həsənov polkovniki işdən qovdu

Üzeyir Cəfərov: `Təhlükəsizlik İdarəsi Səfər Əbiyevin dövründə yox idi`

Müdafiə Nazirliyində vacib postlardan birinin rəisi işdən qovulub. AzNews.az xəbər verir ki, nazir Zakir Həsənov MN-in Təhlükəsizlik Idarəsinin şöbə rəisi, polkovnik Ağalar Manafovu tutduğu vəzifədən azad edib.
 
Ağalar Manafov hərbi sistemdə məşhur simalardan biridir. Onun işdən çıxarılması işində verdiyi nöqsanlarla əlaqələndirilir.
 
Bundan əlavə, son vaxtlar nazirliyə edilən zənglərin qanunsuz olaraq dinlənilməsi və bununla bağlı hərbiçilərin narazılığı, çoxsaylı müraciətlətin edilməsi də polkovnikin “vurulmasına” səbəb kimi göstərilir.
 
Bildirilir ki, nazirlik əməkdaşlarının telefon danışıqlarının dinlənilməsini Təhlükəsizlik Idarəsi həyata keçirir və bu işlər idarə rəisi Hicran Rüstəmzadə tərəfindən Ağalar Manafova tapşırılıbmış.
 
Məsələnin narazılığa səbəb olduğu bir vaxtda Ağalar Manafovun işdən qovulması nazirin şikayətlərə sərt reaksiyası kimi qəbul olunur.
 
Hərbi ekspert Üzeyir Cəfərov “Azadlıq”a açıqlamasında bildirib ki, Təhlküsizlik Idarəsi Zakir Həsənovun dövründə yaradılıb: “Səfər Əbiyevin dövründə belə bir idarə yox idi. Mən bu idarənin yaradılmasının əleyhinə deyiləm. Lakin idarənin bəzi əməkdaşları öz işləri ilə məşğul deyildilər. Məsələn, mənim ”Facebook” səhifəmə “göz gəzdirmişdilər”. Mənimlə yazışan zabitləri müəyyənləşdirərək onları haqsız yerə cəzalandırmışdılar. Sonra mən rəhbərliklə görüşəndə bunun qanunsuz olduğunu bildirdim. Özümün də dövlətdən gizli bir işimin olmadığını dedim. Biz yalnız nöqsanları qabardırdıq. Müdafiə Nazirliyinin rəhbərliyi ilə hər hansı şəxsi ədavətimiz yoxdur. Indi görünür, həmin adamlar daha ciddi səhvlərə yol veriblər, ona görə də Zakir Həsənov Ağalar Manafovu işdən çıxarıb. Hər halda baş verənlər barədə Müdafiə Nazirliyi daha ətraflı açıqlama verər”.

Google+ WhatsApp ok.ru