“Azəriqaz” məhkəmə qərarını icra etmir

Nabatov Maarif  İsmail oğlu "Azəriqaz" ASC-nin Bakı şəhəri Nəsimi rayonu Qaz İstismar sahəsində işlədiyi qaz tənzimləmə qurğularının operatoru vəzifəsindən qanunsuz olaraq çıxarıldığını bildirir. “Maide.az”a müraciət edən, 1965-ci il təvəllüdlü şikayətçi Bakı şəhəri Böyük Şor qəsəbəsi, Daş karxanası, 22A ünvanında yaşayır. 
 
O, müraciətində yazır ki, 17 il işlədiyi Nəsimi rayonu Qaz İstismar sahəsində 2014-cü il iyun ayının 2-dək çalışıb: "Nəsimi rayonu Qaz İstismar sahəsi "Azəriqaz"da gedən struktur dəyişikliklərini bahanə gətirərək məni, eləcə də mənimlə birgə işləyən bir neçə qaz tənzimləyici qurğularının operatorunu ixtisara salıb. Bu ixtisar zamanı idarə rəhbərliyi tək biz operatorların yox, ümumən idarədə işləyən bir çox insanın əmək hüquqlarını pozub. Əsasən də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinə məhəl qoymadan ixtisarlar aparıb".
Maarif  Nabatov işdən çıxarıldığını qanunsuz hesab edərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyeva və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə müraciət edib: “Mən məhkəməyə də müraciət etdim. Xətai rayon Məhkəməsi lehimə qərar çıxardı. Qərara görə mən “Azərqaz”da işlə təmin olunmalıyam və işsiz qaldığım müddətin maaşı mənə kompensasiya olaraq verilməlidir. Ancaq qərar icra olunmamış qalır. Təəssüflər olsun ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri yazılı müraciətimə cavab verməyib. Hüquqlarımızı müdafiə etməli olan təşkilat susmaqda davam edir”.

Google+ WhatsApp ok.ru