“Sərhədsiz reportyorlar” Şirin Abbasovun azadlığa buraxılmasını tələb edir

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasovun həbsini pisləyib. 
 
Ötən gün bu reportyor polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb. “Bu, Berlində yerləşən Meydan TV ilə əməkdaşlıq edənləri təqib edən hakimiyyətin son qurbanıdır”.
 
Ş.Abbasov sentyabrın 16-da yoxa çıxıb və yalnız bir gündən sonra məlum ki, onu polis saxlayıb. Həmin gün Meydan TV ilə əməkdaşlıq edən daha iki xanım jurnalist saxlanılıb. Mülki geyimli şəxslər onları küçədə saxlayaraq maşına əyləşdirib aparıblar. Bir neçə saat “aydınlaşdırıcı” söhbətdən sonra buraxıblar.
 
“Biz çox narahatıq və hesab edirik ki, Şirin Abbasov təhlükədədir. Hakimiyyət bu cür qanunsuz metodlardan əl çəkməli, reportyoru dərhal azad etməlidir”, - təşkilatın bəyanatında deyilir.
 
Bundan öncə Meydan TV ilə əməkdaşlıq edən bütün jurnalistlər prokurorluqda dindiriliblər. Onların bir neçəsinə iyunun 30-dan ölkədən çıxmaq qadağan edilib.

Google+ WhatsApp ok.ru