“Günəşli”də ən güclü yanan quyu söndürülüb

Çərşənbə axşamı saat 17.00 radələrində “Günəşli” dəniz yatağının 10 nömrəli platformasında fontan vuran əsas neft quyusunu söndürmək mümkün olub.
 
Bu, Boots and Coots şirkətindən Azərbaycan və Amerika mütəxəssislərinin birgə səyləri sayəsində mümkün olub.
 
SOCAR-da yüksək vəzifəli məmurun Turan-a eksklüziv olaraq verdiyi məlumata görə, məhz bu quyu real dənizə neft dağılması təhlükəsi daşıyırdı.
 
“Quyu söndürülüb və neft dağılması təhlükəsi aradan qaldırılıb. Dünən daha bir quyu söndürülüb”, deyə mənbə qeyd edib.
 
Daha bir neçə qaz quyusu hələ də yanır. Lakin mütəxəssislər xüsusi avadanlıq vasitəsilə onlarda dəliklər açmağa və su axınlarını bilavasitə quyunun içinə yönəltməyə müvəffəq olub. Bu, yanğının söndürülməsi işini xeyli asanlaşdırıb, 1-2 gün ərzində buna müvəffəq olmaq mümkün olacaq.
 
Xatırladaq ki, yanğın qaz kəmərində güclü külək və yüksək dalğalarla əlaqədar baş vermiş qəza nəticəsində yaranıb.
 
Yanan platformadan 33 nəfər canlı təxliyə edilib, 7 nəfər həlak olub, yanğın nəticəsində itkin düşmüş 23 neftçinin, habelə “Neft Daşları” platformasından 3 əməkdaşın axtarışı davam etdirilir. /

Google+ WhatsApp ok.ru