​Qadınlar maaş bərabərliyi tələb edir

​Qadınlar maaş bərabərliyi tələb edir

Bu gün –iyunun 14-də İsveçrədə qadınlar işlərini tərk edərək küçələrə çıxacaq, maaş bərabərliyi tələb edəcəklər. “Frans Pres” agentliyi yazır ki, bu ölkədə bərabər maaş tələbiylə ilk ümummilli tətil təxminən 30 il qabaq keçirilib.
 
Gün ərzində bir sıra tədbirlər planlaşdırılır – uşaq arabaları ilə yürüşlər, fitəbasma, nahar fasilələrinin uzadılması, irimiqyaslı pikniklər gözlənir. Axşama isə bir sıra şəhərlərdə, o cümlədən Berndə hökumət binası qarşısında nümayişlər olacaq.
 
Həmkarlar ittifaqları və insan haqları qrupları həmrəylik rəngi kimi bənövşəyini seçiblər. Bu ölkədə işdə fasilə vermək nadir hadisə sayıldığından etirazların miqyası haqda indidən nəsə demək çətindir.
 
1991-ci ilin iyunun 14-də yarım milyonadək qadın iş yerlərindən, evlərindən çıxaraq ölkədə davamlı qeyri-bərabərliyə etiraz etmişdilər.
 
İndi tədbir təşkilatçıları deyirlər ki, durum heç də yaxşılaşmayıb, qadınlar “daha artıq zaman, pul və sayqı” tələb etməlidirlər.
 
İsveçrədə qadınlar kişilərdən ortalama 20 faiz az qazanır.
 
Eyni kvalifikasiyalı kişilər və qadınlar üçün maaş fərqinin isə səkkiz faizə yaxın olduğu bildirilir, milli statistika idarəsi belə deyir. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru