Akif Çovdarov və daha üç nəfərin məhkəməsi təxirə salınıb

Akif Çovdarov və daha üç nəfərin məhkəməsi təxirə salınıb

Məhkəmə oktyabrın 4-dək təxirə salınıb.
 
Buna səbəb təqsirləndirilən şəxslərdən Akif Çovdarovun vəkili Sadiq Rəsulovun məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmaması və bu üzdən prosesdə iştirak etməməsidir.
 
A.Çovdarov dövlət hesabına vəkildən də imtina edib.
 
Məhkəmədə A.Çovdarov çıxış edib. O bildirib ki, ona 56-cildlik iş materialları ilə tanış olmağa yetərincə vaxt verilməyib.
 
Təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə bildirib ki, ümumilikdə iş üzrə 300-dək şahid və zərərçəkmiş var. Zərərçəkmişlərin təxminən 15-ə qədəri hazırlıq iclasında iştirak edirdi.
 
 
Qeyd edək ki, keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər keçmiş idarə rəislərinin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Məhkəmə prosesinə Həbib Həsənov sədrlik edir.
 
Prosesə jurnalistlər buraxılmır. Məhkəmədəki mühafizəçi polislər və nəzarətçilər jurnalistlərin buraxılmaması barədə göstəriş verildiyini deyirlər.
 
Prosesdə iştirak edən vəkillərin də telefonları alınıb.
 
Hətta məhkəmə prosesi qapalı keçirilsə belə, hazırlıq iclası mütləq açıq olmalı, istənilən şəxs iştirak edə bilməlidir.
 
 
A.Çovdarov və digərlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, mənimsəmə, qanunsuz silah saxlama, hədə-qorxu ilə pul tələb etmə və digər ağır maddələr ilə ittiham irəli sürülüb.
Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub.
Ötən ilin dekabrında nazirlik ləğv edilib, bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. (AzadlıqRadiosu) /

Google+ WhatsApp ok.ru