Ali rəhbərin nümayəndəsi: “Dağlıq Qarabağ uğrunda döyüşməyə hazırıq”

Ali rəhbər Ayətullah Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi  Seyid Həsən Amili ötən gün cümə namazı zamanı Dağlıq Qarabağda baş verənlərdən danışıb.
O, Azərbaycanın ərazi bütövlüyünü dəstədiklərini, işğal altında olan torpaqların geriyə qaytarılmasını istədiklərini bildirib.
 
Qarabağda döyüşməyi arzuladıqlarını deyən H. Amili qeyd edib ki, Qarabağ İslam dünyasının bir parçasıdır və Azərbaycana qaytarılmalıdır: “Ali rəhbər  buyurub ki, Qarabağ İslam diyarıdır və bu diyarda baş verən hadisə nəticəsində dünyasını dəyişən şəxs şəhid sayılır. Şəxsən mən özüm münasib şəraitin olduğu təqdirdə, Qarabağa gedib üzərimdə olan borcu yerinə yetirmək istəyirəm. Ərdəbil əyalətində çalışan dövlət qurumları da Azərbaycan millətinin qan, tibbi ləvazimat və digər ehtiyaclarını ödəmək üçün heç nəyi əsirgəməsinlər. Bu gün Qarabağda baş verən hadisələr əslində Stalinin üzdəniraq planlarından qaynaqlanır." 
 
H. Amili qeyd edib ki, Azərbaycan bu münaqişədə özünün dost və düşmənini, xidmətçi və xəyanətkarı tanımalıdır: “ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söz versə də, bu qrup heç bir iş görməyəcək, həm də digər beynəlxalq qurumların bu sahədə görə biləcəkləri işlərə əngəl törədəcək. Onlar bu münaqişənin dinc yolla həllini istəmirlər”.
 
İranın Gilan əyalətində yerləşən Astara şəhərinin imam cüməsi Höccətül-İslam Şeyx Hafiz Kazimniya da xütbəsində deyib ki, Qarabağ İslam dünyasının bir parçasıdır: “Heç kim Qarabağın işğal edilməsinə şübhə ilə yanaşmır. Qarabağ müsəlman ölkəsi olan Azərbaycana qayıtmalıdır. Biz hər növ münaqişə, müharibə və itkiyə qarşıyıq. Lakin Azərbaycan öz ərazi bütövlüyünü qorumalıdır. Bu ölkənin heç bir şəhəri, qəsəbəsi və kəndi işğal altında qalmamalıdır”.
 
Ali rəhbər Ayətullah Xameneinin Təbriz şəhərindəki nümayəndəsi  Ayətullah Möhsün Müctəhid Şəbistəri də  cümə namazının ikinci xütbəsində Qarabağın müsəlman torpağları olduğuna işarə edərək düşmən tərəfinin hücumlarını pisləyib.  "Ali rəhbərimizin buyurduğuna əsasən, Qarabağ müsəlman torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Biz təbrizlilər irəli sürülmüş sülh təkliflərini dəstəkləyirik və Azərbaycan xalqının yanında olduğumuzu elan edirik", - deyə Ayətullah Şəbüstəri bildirib. apa /
 

 

Google+ WhatsApp ok.ru