Avtovağzal ərazisindən Bakı Dairəvi-1 yoluna yeni çıxış məqsədilə tikilən yolda işlərin 80%-i başa çatdırılıb

Layihənin may ayı ərzində istifadəyə verilməsi planlaşdırılır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna  birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda işlərin 80%-i yerinə yetirilib.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən Maide.az-a verilən məlumata görə, ümumi uzunluğu 1 070 metr olan yolda  445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada da inşa olunub. Hazırda estakada üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi və asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir.
 
Layihənin may ərzində istifadəyə verilməsi planlaşdırılır.
 
Sözügedən yol istifadəyə verildikdən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna maneəsiz çıxa biləcəklər.

Google+ WhatsApp ok.ru