Azərbaycan ərazisində məskunlaşmış qaçqınların vətəndaşlıq əldə etməsi proseduru müəyyənləşib

Nazirlər Kabineti “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nı təsdiq edib.
 
Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır.
 
Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Dövlət Miqrasiya Xidməti  tərəfindən həyata keçirilir. Qaydaya əsasən Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar dəqiqləşdirilib. Başqa sözlə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa,  Azərbaycan ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla),   valideynlərindən hər ikisi Azərbaycan vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla), valideynlərindən biri Azərbaycan vətəndaşıdırsa, valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan  vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan vətəndaşlığına xitam verilmişdirsə, əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan vətəndaşıdırsa, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa,  Azərbaycan ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa,  bu hallar  şəxsin Azərbaycan  vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar hesab edilir.
Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının sorğusu əsasında başlanılır. Dövlət orqanları tərəfindən sorğu verilərkən, müvafiq sorğu vərəqinə  2 ədəd 3x4 sm ölçüdə fotoşəkil,  “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) yaşayış yeri üzrə qeydiyyatları barədə Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd, pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd), doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd), yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd), övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd), 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların müvafiq razılıq ərizələri, şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti əlavə edilir. Bu halda Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müddəti göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilməlidir. Əlavə edilmiş sənədlərlə sorğu vərəqi müşayiət məktubu ilə Dövlət Miqrasiya Xidmətinə göndərilir.
 
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanun qüvvəyə mindiyi günədək Azərbaycanda cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin cəzaçəkmə müddəti Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Eynu zamanda bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycanda hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi xidmət dövrü göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilməlidir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatı kimi onların yaşadıqları müəssisələr, yataqxanalar (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün), qəyyumun (himayəçinin) və ya övladlığa götürən şəxsin yaşayış yeri qəbul edilir.  Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. 

Google+ WhatsApp ok.ru