Azərbaycanın Rusiya ilə sərhədində `sərhəd-sipər` əməliyyatı keçirilir

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlanıb.
 
Əməliyyatlar Azərbaycanın şimal və şimal-qərb bölgəsini əhatə edir. “Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir.
 
Yerli sakinlərin verdiyi məlumata görə, aparılan əməliyyatlara bağlı Balakən, Qax və Şəki rayonlarında xüsusi polis postları qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.
 
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.
 
Əməliyyatlar mayın 23-dək davam edəcək.

Google+ WhatsApp ok.ru