Azərbaycanın Müdafiə Nazirliyi Pentaqonla əlaqələri bərpa edir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ABŞ-nın Azərbaycandakı hərbi attaşesini Müdafiə Nazirliyinə (MN) dəvət edərək onunla fikir mübadiləsi aparıb və hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüf hissini ifadə edib.
 
Maide.az-ın MN-in saytına istinadən verdiyi məlumata görə, N. Sadıkov qeyd edib ki, ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi çıxış etməkdə davam edir və Əfqanıstanda həvalə olunmuş missiyanı uğurla yerinə yetirir.
 
Danışıqların sonunda N. Sadıkov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan edib.
 
MN-in məlumatında o da bildirilir ki, bir ilə yaxındır, Azərbaycanın ABŞ ilə əlaqələrində soyuqluq müşahidə olunur.

Google+ WhatsApp ok.ru