Azərbaycan tranzit yükdaşımalar üzrə tariflərə yenidən baxır

Tranzit yükdaşımalarla bağlı elektron portal yaradılacaq

 Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ilk iclası keçirilib.
 
Maide.az xəbər verir ki,tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi siyasətinin prioritet istiqamətidir. Hazırda ölkə iqtisadiyyatının 70%-ə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı əsas istiqamətlərdəndir və bu Konsepsiyaya uyğun olaraq görülən işlər 2020-ci ilədək qeyri-neft sektorunun iqtisadiyyatda rolunu daha da artıracaqdır.
Bu sahədə nəqliyyat sektoru, xüsusilə tranzit yükdaşımaları mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir və bu sahəyə iri həcmli dövlət investisiyaları yönəldilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətə başlaması, Bakı–Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələri, eləcə də beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun güclənməsində əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını da genişləndirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaqdır.
kordinasiya-2Azərbaycan tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır. Koordinasiya Şurasının əsas vəzifələri tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə və prosedurların sadələşdirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsidir.
Tədbirdə tranzit yükdaşımaları sahəsindəki mövcud vəziyyət və bu sahədə səmərəliliyin artırılması barədə müzakirələr aparılıb.
İclasda dəmir yolu, dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin, nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin optimallaşdırılması, tranzit yükdaşıma müddətlərinin azaldılması, yükdaşımalar üzrə daşıma qaydalarının, prosedurlarının şəffaflaşdırılması və asanlaşdırılması üzrə təkliflərin hazırlanması qərara alınıb. İclasda həmçinin, tranzit yükdaşımalar sahəsində bağlanmış müqavilələrin qeydiyyatının aparılması məqsədi ilə zəruri tədbirlərin görülməsi, tranzit yükdaşımalarla bağlı elektron portalın yaradılması üçün müvafiq məlumatların təqdim olunması, tranzit yükdaşıma müqavilələrinin bağlanması sahəsində prosedurların sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.
İclasda tövsiyyə edilib ki, tranzit yükdaşımalar üzrə iştirakçılar, nəqliyyat müəssisələrindən, daşıyıcılardan, habelə nəqliyyat xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslər maraqlandıqları məsələlər, qarşılaşdıqları problemlərlə bağlı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına müraciət edə bilərlər/

Google+ WhatsApp ok.ru