Bakıda devalvasiya şagirdləri məktəbsiz qoydu

Dövlət Neft Şirkətinin təsis etdiyi Bakı İstedadlar Təhsil Kompleksi (BİTK) orada oxuyan şagirdlərin təhsil haqqı qiymətlərini qaldırıb. Kompleksin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, təhsil haqqının qalxmasına səbəb hazırda məktəbin xərclərinin 70%-nin xarici valyuta ilə aparılmasıdır: “Bizim həm əcnəbi müəllimlərlə, həm beynəlxalq təşkilatlara üzvlük haqları, həm də xarici təhsil avadanlıqları və sair kimi xərclərimiz var. Bütün bu ödənişlər xarici valyuta ilə həyata keçirildiyi üçün qiymət artımı qeydə alınıb”.
 
BİTK əməkdaşı ANS PRESS-ə əvvəlki və hazırkı təhsil haqqlarının miqdarını da təqdim edib. Təqdim edilən qiymətlərə görə, hazırda məktəbəqədər təhsil bölməsi üçün ödəniş 6300 AZN, ibtidai məktəb üçün (1-6-cı siniflər) 6900 AZN, yuxarı siniflər üçün isə (7-11-ci siniflər) 8400 AZN-dir. Qiymət arıtımdan sonrakı rəqəmlər isə müvafiq olaraq 9500 AZN, 11500 AZN və 12000 AZN nəzərdə tutulub.
 
Təhsil kompleksindən qiymət artımına etiraz edənlərin də olduğunu bildirdilər: “Yeni qiymətlərdən sonra hesab edirik ki, məktəb hazırkı şagirdlərin 30-40%-ni itirəcək. Lakin başqa beynəlxalq məktəblərdən yeni uşaqları cəlb edə biləcəyimizi düşünürük”, - deyə BİTK-dən əlavə etdilər.
 
Bibiheybət qəsəbəsində yerləşən Bakı İstedadlar bağça - məktəb kompleksi Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə 2012-ci ildə tikilib. ARDNŞ-dan ANS PRESS-ə verilən məlumata görə, təhsil ocağını SOCAR təsis etsə də, şirkət BİTK-də şagirdlərin təhsil haqqının müəyyən edilməsində iştirak etmir.
 
Təhsil 2 dildə, Azərbaycan və ingilis dillərində aparılır. 2014-cü ildən etibarən isə Bakı İstedadlar Təhsil Kompleksinə yuxarı sinif şagirdlərinin də qəbulu başlayıb.
 
Burada BİTK-in qiymətləri qaldırmasından daha çox diqqət çəkən məqam, qiymətlər qalxdığı vaxt bəzi şagirdlərin məcbur olub təhsilini daha ucuz ödənişi olan, yaxud ödənişsiz dövlət orta məktəblərində davam etdirəcəkləridir. Şagirdlər başqa məktəblərə keçdikdə isə ortaya bir sıra problemlər çıxacaq. 
 
Həmin problemlər barədə ANS PRESS-ə danışan pedaqoji elmlər doktoru, professor, təhsil üzrə ekspert Əjdər Ağayev deyir ki, belə məktəblərdə adətən xüsusi istedadlı uşaqlar təhsil alır və həmin elm ocaqlarının tədris metodu da fərqlidir. Burada tədris daha dərin formada həyata keçirilir:
 
“Hər bir təhsil müəsisəsi ilk əvvəl dövlətin müəyyənləşdirdiyi standartlara cavab verməlidir. Birincisi, mən Avropada yaxud Amerikada yetişən bir şəxs üçün hazırlanan metodikanın azərbaycanlı şagird üçün tətbiq edilməsinin tərəfdarı deyiləm. Çünki metodika tətbiq edilərkən insanın yaşadığı yer, ictimai dəyərlər, adət-ənənə nəzərə alınmalıdır. Hər hansı bir metodika ölkədə tətbiq edilməyə başlamazdan əvvəl, pedoqoji, psixoloq, sosioloq, hətta siyasətçi komissiyalarından keçməlidir. Düzdür xüsusi istedadlara tədris edilən biliklərlə ilk baxışda nəticə əldə etmək mümkün olacaq. Ancaq daha sonrakı dövrdə bir sıra problemlər özünü biruzə verəcək”.
 
Professor həmin problemlərin nədən ibarət olduğunu da açıqlayır: “Əgər bir şagird təhsil haqqını ödəyə bilmədiyi üçün xüsusi metodla dərs tədris edilən belə məktəblərdən çıxarılarsa, xarici dil və dünya görüşü oxuduğu məktəblərə tən olmayan dövlət təhsil müəsisələri onlar üçün maraqsız olacaq. Bunu görən şagird də, öz puluna uyğun başqa ölkələrdə məktəblər axtarmaq məcburiyyətində qalacaq. Xaricdə oxuyaraq gözəl kadr kimi yetişən şəxslər isə savadlı kadr olub həmin ölkələrdə qalacaqlar. Yenə də itirən Azərbaycan təhsili olacaq. Düşünürəm ki, bütün bunlar təhsil haqları arıtırılarkən nəzərə alınmalıdır”.
 
Əjdər Ağayev müəsisələrə təhsil haqlarını artırarkən bir sıra nizamlama fəaliyyətləri aparmağı da məsləhət gördü: “Düşünürəm ki, ödənişlər pilləli şəkildə artırıla və şagirdlərə ödədikləri pulun məbləği miqdarında təhsil və xidmət göstərilə bilər. Məsələn, 10 min manat ödəyən şagirdlər il ərzində bir neçə dəfə ekskursiyaya aparılırsa, az miqdar ödəyən şagirdlər bu cür xidmətlərdən daha az faydalansınlar. Belə olan halda təhsil ocağı da, şagird də razı qalacaq”.
 
Ümumiyyətlə, məktəblər tərəfindən təhsil haqqının artırılması bəzi hallarda zərurətdən olduğu halda, bəzi məqamlarda sırf müəsisə rəhbərliyinin istəyi səbəbindən baş verir. Ancaq qiymətlər qaldırılarkən əhalinin maddi imkanı və şagirdin gələcək taleyi də nəzərə alınmalıdır. Çünki mütəxəssis fikirlərindən də görünən odur ki, şagirdin oxuduğu tədris müəsisəsini dəyişməsi ona psixoloji cəhətdən təsirsiz ötüşmür.
 
Belə müəsisələrdə oxuyan şagirdlərin digər təhsil mərkəzlərinə öyrəşməsi uzun zaman alır və bəzi hallarda pulsuz elm ocaqlarındakı təhsil sistemini adi və zəif gördüyü üçün sonda uğursuzluğa düçar olur. Yaxşı olardı ki, məktəblər təhsil haqqını artırarkən daha aşağı ödənişli siniflər də təşkil etsinlər. Çünki belə olan halda təhsil hər kəs üçün daha əlçatan olur. Əks halda itirən sadəcə Azərbaycan təhsili olur. anspress /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru