Cəzası ağırlaşan Nardaran məhbusu: 'Bilmək istəyirəm ki, bunu niyə eləyirlər?'

Cəzası ağırlaşan Nardaran məhbusu: 'Bilmək istəyirəm ki, bunu niyə eləyirlər?'

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü əməliyyat zamanı güllələnən və ardınca həbs olunan Cahad Babakişizadə Qobustandakı qapalı həbsxanaya köçürüləcək. Oktyabrın 1-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası belə qərar çıxarıb.
 
C.Babakişizadə bundan sonra cəzasının üç ilini həbsxana rejimində çəkməsi barədə Qaradağ Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi.
 
2015-ci ildə həbs edilərkən 18 yaşı olan C.Babakişizadə oktyabrın 1-də məhkəmədə deyib ki, cəzasının ağırlaşdırılması barədə qərar əsassızdır: «Bilmək istəyirəm ki, məni niyə belə cəzalandırırlar? Səbəbi mənə də məlum deyil. Çünki özümə də açıqlamayıblar».
 
Hakim xatırladıb ki, C.Babakişizadənin saxlandığı 12 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi onun həbsxana rejiminə köçürülməsi üçün məhkəməyə müraciətində bu məhkumun daxili intizam qaydalarını pozduğunu yazır. Bildirilir ki, müəssisə daxilində 9 dəfə cəzalandırılıb. Ona töhmət verilib, dəfələrlə müxtəlif müddətli kars cəzaları alıb.
 
Ancaq C.Babakişizadə deyir ki, o cəzaların da hamısı əsassız olub, hər dəfə bir bəhanə tapıb cəzalandırıblar: «O cəzalar heç nədən verilib».
 
Qısa müşavirədən sonra hakimlər apellyasiya şikayətinin təmin olunmadığını, həbsxanaya köçürülmə qərarının qüvvəyə saxlandığını açıqlayıblar.
 
Qərar qüvvəyə mindiyinə görə C.Babakişizadə yaxın günlərdə Qobustan həbsxanasına köçürüləcək.
 
 

Google+ WhatsApp ok.ru