Dələduzların sayının artması cəmiyyəti hara aparır...

Son günlər mediada, sosial şəbəkələrdə dələduzluq hallarını əks etdirən çoxsaylı videolar paylaşılır. Bu fırıldaqçılar müxtəlif yollarla insanların ciblərinə girirlər. Daha çox onlar özlərinin yazıq, köməksiz vəziyyətdə olduqlarını göstərməklə, vətəndaşlardan müəyyən məbləğdə pul alırlar. Elə sosial şəbəkələrdə bugünlərdə yayılan bir video da buna sübutdur. Belə ki, videoda xanım sürücü bir müddət öncə bir kişi sürücüyə yardım etdiyini və sonradan aldadıldığını bildirib.
 
Videodan belə aydın olur ki,  dələduz kişi  sürücü aeroport yolunda avtomobilləri saxlayaraq maşının nasaz olduğunu deyir və avtokara pul lazım olduğunu iddia edərək insanlardan maddi köməklik istəyib. Qadın sürücü də həmin dələduza 15 manat verərək yaxşılıq etdiyini zənn edib. Ancaq həmin dələduz daha sonra “Gənclik” metro stansiyası yaxınlığında sürücünün yenidən qarşısına çıxıb və eyni sözləri bir daha təkrarlayıb. Belə olan təqdirdə, xanım sürücü aldanıldığını dərk edib və onu təhqir edərək bunun doğru hal olmadığını bildirib. 
 
Bundan başqa, “Yeni Müsavat”a daxil olan məlumata görə, bir çox şəxslər övladlarının xəstə olduqlarını bildirərək, insanlardan pul yığırlar. Onlara daha çox gecə saatlarında, şəhərin müxtəlif yerlərində rast gəlinir. Əllərində uşaq fotosu tutan bu şəxslər guya övladlarının xəstə olduğunu və əməliyyat üçün pula ehtiyaclarının olmasını bildirirlər. Ağlayaraq insanlardan yardım uman şəxslər bu üsulla qarşılarındakına psixoloji təsir də etməyi bacarırlar və   onun “əlini cibinə salmasına” nail olurlar.
 
Elə əməkdaşımız Fəxriyyə Abdullayevanın da başına buna oxşar hadisə gəlib. Əməkdaşımız bildirir ki, ötən il səhər saatlarında həyətlərində kiminsə ağladığını eşidib: “Baxdım ki, bir qadın ağlayaraq övladının qəza keçirdiyini bildirir. Qadın deyirdi ki, övladım dəfələrlə əməliyyat olunub, ancaq növbəti əməliyyata pulumuz çatmır. Buna görə həkimlər də onu əməliyyat  etmirlər. Ötən il hər birimizin ona ürəyi yandı və əlimizdən gələn köməkliyi etdik. Bu  günlərdə gördüm yenə də həyətdə kimsə ağlayır. Baxdım ki, həmin qadındır və yenə də eyni sözləri deyir. Qonşular soruşdular ki, bəs sənin oğlun sağalmadı? Ötən il əməliyyat necə oldu? Qadın cavab verdi ki, mən bu həyətə gəlmişəm ki? Başa düşdük ki, qadın yalan deyirmiş və bu üsulla insanların hislərinə təsir  edib pul yığırmış”.
Ümumiyyətlə, ölkə miqyasında insanların dələduzluq yolu ilə pulunun mənimsənilməsi halları çoxalıb. 
 
Psixoloqlar bildirirlər ki, məhz bu cür hadisələr insanlarda inamsızlıq yaradır və nəticədə həqiqətən ehtiyacı olana belə heç kim köməklik etmir, ona inanmır. Mövzu ilə bağlı “Yeni Müsavat”a psixoloq Dəyanət Rzayev bu kimi halların cəmiyyətə necə təsir etməsindən danışıb. O bildirib ki, dələduzluq hallarının cəmiyyətdə artması bu halın insanların gözündə adiləşməsinə səbəb ola bilər. Bu isə əlavə fəsadlara yol açar:
 
“Ümumiyyətlə, insan kiminsə yanında özünü alçaldıb  pul istəməz. Burada psixoloji məqamlarla bərabər, sosial problemlərin də təsiri var. Kimlər ki, özlərinə dilənməyi sığışdırmırlar, onlar artıq dələduzluq yolunu seçirlər.  İşsizlik  artdığı üçün insanların bu kimi dələduzluq, dilənçilik yolu ilə pul əldə etməsi halları son zamanlar həqiqətən də çoxalıb. Dilənmək ənənəsi daha çox qaraçılara xasdır.  Eyni zamanda dələduzluq da müəyyən millətlərdə daha çox müşahidə olunur. Bu, türklərə xas olan məsələ deyil. Baxırsan ki,  cavan oğlandır, əlində avtomobil açarı tutub bildirir ki, maşınım xarab olub yolda qalmışam və mənə yardım edin. Bu kimi hallardan cəmiyyəti xilas etmək üçün insanları əməyə cəlb etmək lazımdır. Artıq dələduzluq və dilənçilik halları getdikcə cəmiyyətdə adi qəbul edilir. Bu isə ona aparır ki, heç zaman özünə belə halları sığışdırmayan insanlar da müəyyən zaman sonra dələduzluqla məşğul ola bilərlər. Cəmiyyət belədir ki, nə qədər çox adam hansısa bir neqativ işlə məşğul olursa, ilk əvvəl neqativ görünən bu  iş, sonradan cəmiyyət tərəfindən həzm edilir və adiləşir”.
 
D. Rzayev bildirib ki,  bu kimi məsələlərə sosial qınaq azalmağa doğru gedir: “Bu kimi halların artmasına səbəb işsizliklə bərabər, həm də  iş saatının çox olmasıdır. Bəzi firmalar, kafelər, mağazalar var ki, insanları 12 saat işlədib 250-300 manat maaş verirlər. Bu hal insanların psixologiyasına da təsir edir. İnsanlar artıq öz həyatlarını yaşamağa vaxt tapmırlar. Belə olduğu halda gedib asan ”işlər"lə məşğul olurlar. Bu isə yuxarıda qeyd etdiyim kimi, cəmiyyətə mənfi təsir edir. Artıq insanlar ehtiyacı olanlara belə inanmayıb, onlara yardım etmək istəmirlər. Sadaladığımız arqumentlər bəlkə də kiçik görünə bilər. Ancaq cəmiyyətin gələcəyinə mənfi təsir edən, böyük nüanslardır. Loru dildə desək, insanlarda abır-həya gedəndən sonra onu bərpa etmək çətin məsələdir" (musavat)

 

Google+ WhatsApp ok.ru