Deputatlığa namizəd seçkilərdə pozuntularla bağlı Ali Məhkəməyə şikayət edəcək

Bakı Apellyasiya Məhkəməsi 42 saylı Sumqayıt ikinci dairə üzrə deputatlığa namizəd Hafiz Babalının parlament seçkilərində kütləvi pozuntularla bağlı şikayətini təmin etməyib. Məhkəmə H.Babalının şikayətini təmin etməyən MSK-nın qərarını qüvvədə saxlayıb.
 
H.Babalı onun şikayətinin və təqdim etdiyi sübutların obyektiv araşdırılmadığını qeyd edib və Ali Məhkəməyə kassasiya vermək niyyətində olduğunu bildirib. Əsasən H.Babalı 38 məntəqənin 15-də pozuntularla bağlı 37 akt təqdim edib.
 
Aktlarda aşağıdakı pozuntular qeyd edilib: seçicilərin barmaqlarını ultrabənövşəyi lampa ilə yoxlamadan məntəqələrə buraxılması; seçici siyahısında olmayan seçicilərə bülletenlərin verilməsi; bülletenlərin topa şəklində qutulara atılması; müşahidəçilərin bülletenlərn verildiyi və qutuların qoyulduğu yerdən uzaqlaşdırılması; “karusel”  (eyni şəxslərin müxtəlif məntəqələrdə səs verməsi); səslərin hesablanması prosedurunun pozulması; səsvermənin yekunlarına dair protokollarda təhriflərə yol verilməsi və s.
 
H.Babalı şikayətlərlə yanaşı üç video sübut da təqdim edib. 37 saylı məntəqədə çəkilişin birində bülletenlərin  seçici imzasının sayından  çox  verildiyi göstərilir. Komissiya üzvləri imzaları təkrar saymağa başlayırlar, lakin iştirak edənlərin bəzisi bunu videoya çəkməkdə H.Babalıya maneçilik törədirlər.
 
İkinci videoda məntəqə seçki komissiyasının  rəhbəri səslər hesablandıqdan sonra protokol tərtib etməkdən imtina edir.
 
Digər videoda isə ultrabənövşəyi lampa ilə yoxlanmadan məntəqəyə daxil olan şəxslərin bülleten üçün növbəyə durması qeyd olunub.
 
H.Babalı deyib ki, demək olar ki, məntəqələrin yarısında ciddi pozuntu faktlarının olmasına dair faktlar təqdim edib. Seçki Məcəlləsinin 170.2-ci maddəsinə görə, əgər səsvermənin nəticələri etibarsız sayılırsa və ya 2/5-dən çox məntəqədə ləğv edilirsə həmin dairə üzrə seçkilər baş tutmamış sayılır.
 
MSK-nın Bakı Apellyasiya Məhkəməsindəki eksperti Rafiq Abbasov bildirib ki, məntəqə komissiya üzvlərinin açıqlamalarına daha çox inanmaq lazımdır, nəinki H.Babalının aktlarına, çünki onları daha çox sayda insan imzalayıb.
 
“MSK nümayəndəsinin məntiqindən  heç danışmağa dəyməz. MSK bizim aktlardakı faktları araşdırmalıdır, onları təkzib edən sübutlar toplamamalıdır. MSK və məhkəmə  məntəqələrdə veb-kameralardakı qeydləri araşdırmayıblar, axı bunlar şəffaflıq və pozuntuların qarşısının alınması üçün quraşdırılıb”, - H.Babalı bildirib.
 
O, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edəcək və bundan sonra Strasburq məhkəməsinə müraciət etmək niyyətindədir.

Google+ WhatsApp ok.ru