Devalvasiyaya nə yol açır?

Devalvasiyaya nə yol açır?

İnkişaf etməkdə olan ölkələrdə məzənnə hədəflənməsi  maliyyə kövrəkliyini artırır və maliyyə böhranlarının baş vermə riskini yüksəldir. Yüksək açıq valyuta mövqeyi saxlayan bankların devalvasiyalar zamanı öhdəlikləri artsa da, aktivləri həmin səviyyədə artmır.  Bu barədə Mərkəzi Bankın yaydığı  “Tədqiqat bülleteni”ndə bildirilir.
 
Bunun səbəbi təsbit məzənnə rejimlərində valyuta məzənnəsi riskinin ortadan qalxmasıdır. Belə olduqda xarici valyutada borclanmaq bir çox yerli şirkətlərə riskli əməliyyat kimi görsənmir. Xarici valyutada borclanmaya üstünlük verilməsi bir çox hallarda inkişaf etməkdə olan ölkələrdəki şirkətlərin milli valyutada uzunmüddətli borc tapmaqda çətinlik çəkməsi səbəbindən baş verir.
 
Xarici valyutada borclanma ev təsərrüfatlarının və şirkətlərin balansında əhəmiyyətli kövrəkliklər yaradır. Xüsusilə, yerli şirkətlərin xarici borc yükünün yüksək olması maliyyə böhranlarının real sektora sıçramasında əhəmiyyətli kanal kimi çıxış edir. Belə ki, devalvasiya baş verdiyi zaman xarici valyutada borclanmış şirkətlərin borc yükü yerli valyutada əhəmiyyətli artmış olur.
 
Şirkətlərin aktivləri isə çox zaman belə artımla müşayiət olunmur. Nəticədə, şirkətin xalis dəyəri əhəmiyyətli aşağı düşür ki, bu zaman həmin şirkətlərin investisiyalar üçün yeni maliyyə vəsaitləri tapmaq imkanları məhdudlaşır.
 
Eyni problem bank sektorunda da müşahidə olunur. Yüksək açıq valyuta mövqeyi saxlayan bankların devalvasiyalar zamanı öhdəlikləri artsa da, aktivləri həmin səviyyədə artmır. Nəticədə baş verən devalvasiya bankların kapitalını silir və onların xalis dəyərini azaldır. Real və maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərin xalis dəyərinin azalması fonunda iqtisadiyyatda investisiya və məcmu tələb yavaşlaması baş verir ki, bu da maliyyə böhranlarının təsirini daha da dərinləşdirir.
 
Məzənnə hədəflənməsinin sadalanan çatışmazlıqları mövcud olsa da, bir sıra ölkə təcrübələrində bu rejim mərkəzi banklara və yerli valytaya inamın yaranmasında əvəzsiz xidmət gösərib. (Fins.az)
 

Google+ WhatsApp ok.ru