Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 50-ci yerdədir

Azərbaycan ordusu dünyanın ən güclü ordusu reytinqində 50-ci yeri tutub.
 
Bu barədə Global Firepower təşkilatının elektron səhifəsində bildirilib.
 
Global Firepower Index reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.
 
Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.  
 
Hesablamalar nəticəsində ordu, onun imkanlarını əks etdirən (Power index və ya PwrIndex) qiyməti alır.
 
Siyahıya daxil edilmiş 106 ölkənin ordusu beş əsas qrup üzrə: ordunun tərkib sayı; quru, hava, hərbi-dəniz qüvvələrinin silah sayı; maliyyələşdirmə həcmi; coğrafi yerləşmə; təbii resurslara görə qiymətləndirilir.
 
Onlarca meyara əsasən ölkələrin hərbi potensialına dair müntəzəm olaraq müxtəlif materiallar dərc edən GF, 2015-ci ilin yanvar ayının 15-də ora 106 ölkə əlavə edərək öz hesabatını yeniləyib.
 
Belə ki, son məlumata əsasən, ilk üçlükdə ABŞ, Rusiya və Çin yer alır. Onların ardınca Hindistan, Britaniya, Fransa, AFR (Almaniya Federativ Respublikası), Türkiyə, Cənubi Koreya və Yaponiya gəlir.
 
Azərbaycan ordusu reytinqdə Belarus (52-ci yer), Argentina (55-ci yer) və Yunanıstanı (57-ci yer) arxada qoyaraq 50-ci yerdədir.  
 
Cənubi Qafqazda yaxın qonşumuz olan Gürcüstan isə 64-cü yerdədir, Ermənistan isə ümumiyyətlə, siyahıya düşməyib.
 
Məlumata əsasən, ölkəmiz (indeks 1,5864) 544 tanka, 1864 zirehli maşına, 125 hava vasitəsinə (onlardan 79-u helikopterdir) malikdir.
 
Bundan başqa, Azərbaycan ordusunun fəal ehtiyatı 300 min nəfər sayında qiymətləndirilib. 

Google+ WhatsApp ok.ru