Ekspert: 'Bəzi bağçalar tövləyə oxşayır'

Ekspert: 'Bəzi bağçalar tövləyə oxşayır'

«Exo» qəzetində «Məktəbəqədər müəssisələr müasir tələblərə cavab verirmi?» sərlövhəli məqalə ilə tanış olmaq olar. Ekspertlərdən Yusif Bəkirov qəzetə vəziyyəti belə dəyərləndirib:
 
«Azərbaycanda müasir tələblərə cavab verən məktəbəqədər müəssisələr var. Amma onları barmaqla saymaq olar. Bütün məktəbəqədər müəssisələrin cəmi 7 faizi müasir tələblərə cavab verir. Bu isə dəhşətli statistikadır. Qalan 93 faiz məktəbəqədər müəssisələr yeni mebel və texnika ilə təmin edilməyib, bəziləri isə lap tövləyə oxşayır».
 
Yusif Bəkirovun deməsinə görə, elə məktəbəqədər müəssisələr var ki, damı axır, döşəmənin təmirə ehtiyacı var, qızdırıcı sistem sıradan çıxıb, uşaqlar antisanitar şəraitdə saxlanılır. Ekspert deyir ki, belə bir durumda trenajorlar, oyun stellajları, multimedia avadanlıqları haqqında danışmağa dəyməz.
 
Yusif Bəkirova görə, valideynlər uşaqlarını belə bağçalara çıxılmazlıq üzündən verməyə məcbur olurlar. Çünki çoxlarının özəl müəssisələrə göndərməyə vəsaiti yoxdur. Ekspert deyir ki, məktəbəqədər müəssisələrin təmiri ilə bağlı hər il dövlət büdcəsindən vəsaitlər ayrılır. Amma bu vəsaitlərin hamısı təyinatı üzrə xərclənmir: «Bunların çoxu təmirə ehtiyacı olmayan bağçaların payına düşür. O bağçalara ki, buna ehtiyacı var, onlara verilmir. Adi gözlə görürsən ki, korrupsiya sxemidir. Ona görə təəccüblü deyil ki, bir çox uşaq ilk sinfə gedəndə elementar biliklərə malik olmur. Halbuki, bunu məktəbəqədər müəssisələr etməli idilər».(azdliq.org)

Google+ WhatsApp ok.ru