Goranboyda 22 yaşlı gənc minaya düşdü, ayağı amputasiya olunub

Dağlıq Qarbağ münaqişəsinin həll olunmaması hər ötən gün Azərbaycana zərər vurur. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində daha bir mülki şəxsimiz minaya düşüb. Vəziyyəti ağır olan yaralı təhlükəli ərazidən çıxarıldıqdan sonra Gəncə şəhərinə yola salınıb.
 
Goranboyun Zeyvə kənd sakini Nurlan Kərimov səhər saatlarında yoldaşlarıyla birgə yabanı bitki toplamaq üçün təmas xəttinə yaxınlaşıb. Minalanmış sahəyə yaxınlaşan zaman partlayış baş verib və nəticədə Nurlan Kərimov yaralanıb. Yaralı artıq təhlükəli ərazidən çıxarılıb.
 
Kənd sakinlərinin sözlərinə görə, hadisə təqribən saat 11:00 radələrində baş verib. Ərazi qarşı tərəfdən müşahidə olunduğuna görə, 21 yaşlı Nurlan Kərimovu bir müddət yaralandığı yerdən çıxarmaq mümkün olmayıb. Sonra yaralı hərbiçilərin köməyilə ərazidən götürülüb.
 
“Bir müddət əraziyə girmək mümkün olmayıb, çünki ora cəbhənin ən qorxulu yeridir. Hazırda Nurlan Kərimovu ərazidə nə qədər qaldığı barədə məlumatım yoxdur, amma onu bilirəm ki, çox qan itirib vəziyyəti ağırdı”, – deyə yaralının qohumu Çərkəz Atakişiyev bildirib.
 
Nurlan Kərimov Gəncə şəhərinə çatdırılıb. Onun həkimi Şahin Quliyev bildirdi ki, ilkin müayinə zamanı xəstənin sol baldırının aşağı 1/3 hissəsində dəridən sallanmış amputasiya yarası aşkar edilib. Eyni zamanda da sağ ayağında çoxsaylı qəlpə yarası var. Hazırda xəstəyə lazımi yardım göstərilib.
 
Hazırda Nurlan Kərimov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib vəziyyəti ağır qiymətləndirilir.deyerler/
 

Google+ WhatsApp ok.ru