Gürcüstan yeni parlamentini seçdi

Gürcüstan yeni parlamentini seçdi

Gürcüstanda parlament seçkilərində səsvermə başa çatıb. AzadlıqRadiosunun gürcü xidməti yazır ki, 3.5 milyondan çox seçici parlamentə 150 deputatı seçib.
 
3645 seçki məntəqəsində səhər 08.00-da başlayan səsvermə 20.00-da başa çatıb.
 
Gürcüstanda parlament seçkiləri ilə əlaqədar keçirilən “exit-pol”ların nəticələri açıqlanıb.
 
Artıq bir saatdır ki, seçki məntəqələri bağlanıb.
 
İndi səslərin sayılması gedir.
 
İlkin ekzitpolların nəticələrinə görə yeni çağırış parlamentə proporsional sistem üzrə üç partiya keçir: "Gürcü arzusu", "Milli hərəkat" və ruspərəst "Vətənpərvərlər alyansı".
 
Bu partiyalar 5%-lik baryeri keçirlər. Bununla belə müxtəlif sorğuların nəticələri bir-birindən fərqlənir. "İctimai yayımçı", "İmedi" və "Maestro" telekanallarının sifarişi ilə TNS şirkətinin keçirdiyi sorğuya əsasən hakim "Gürcü arzusu" 53,8%-lə öndədir. Saakaşvilinin "Milli hərəkatı" 19,5%-lə ikinci, "Vətənpərvərlər alyansı" isə 5%-lə üçüncü yerdədir.
 
"Rustavi 2" kanalının sifarişi ilə GFK şirkətinin keçirdiyi sorğuda isə "Gürcü arzusu" 39,9%, "Milli hərəkat" 32,74%, "Vətənpərvərlər alyansı" isə 5,76% səs yığıb.
 
Qeyd edək ki, “Exit-pol” 220 məntəqədə 10 min seçici arasında keçirilib.

Google+ WhatsApp ok.ru