Həbsdəki hüquq müdafiəçisi aclıq aksiyası keçirir

Rasim Əlizadə günahsız olduğunu bildirir və bəraət tələb edir

Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Hüquq və Azadlıqlarının Müdafiə Təşkilatının dələduzluqda təqsirləndirilən sədri, hüquq müdafiəçisi Rasim Əlizadə  məhkəmənin hökmünə etiraz olaraq saxlandığı Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. O, bəraət və cinayətkarların cəzalandırılmasını tələb edir.
 
Qeyd edək ki, 7 noyabr 2014 il tarixdə məhkəmənin qərarı ilə R.Əlizadə 7 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Rasim Əlizadə Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq etməkdə ittiham edilib. 
 
Bakı İstintaq Təcridxanasında saxlanılan Rasim Əlizadə ilə bağlı Penitensiar Xidmətə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, onun aclıq aksiyası keçirməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir: “Bu dezinformasiyadır. R. Əlizadə bildirib ki, bu, məhkəmə prosesindən sonra mənim barəmdə müxtəlif şəxslər tərəfindən verilən yalan məlumatdır”.
 
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev  bildirdi ki, R.Əlizadə hüquqlarını müdafiə etməyə hazırdır: “Hələ məhkəmənin qərarı qüvvəyə minməyib. Onun Bakı Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə və Avropa İnsan Haqqları Məhkəməsinə müraciət etmək hüququ var. Məhkəmədə qərarın ədalətli olub-olmamasını mübahisələndirmək olar. Amma bizim məhkəmənin qərarına müdaxilə etmək hüququmuz yoxdur.
 
Rasim Əlizadə saxlanıldığı yerdə onun hüquq və azadlıqlarını pozulduğu barəsində bizə davamlı məlumat daxil olarsa, ya da müraciət olunarsa,  biz bu məsələni  araşdıra bilərik.
 
Doğrudur, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvü olaraq bizim istintaq təcridxanasına getmək mandatımız yoxdur. Biz yalnız azadlıqdan məhrum etmə yerlərinə və cəzaçəkmə yerlərinə xəbərdarlıq etmədən gedə bilərik. Biz Rasim Əlizadə ilə bağlı aidiyyatı orqanlara müraciət edib məsələnin araşdırılmasına şərait yaradılmasını xahiş edərik”.
 
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da hüquq müdafiəçisinin həbsini pislədi: “Hüquq müdafiəçisinin 7 il azadlıqdan məhrum edilməsi arzuolunmazdır. Bu pis göstəricidir. Mən Rasim Əlizadənin hüquqlarını müdafiə etməyə hazıram. Onunla görüşüb saxlandığı şəraitlə və səhhəti ilə maraqlanaram. Təəssüf ki, Penitensiar Xidmət mənim istintaq təcridxanalarına daxil olmağıma qadağa qoyub. Bu məsələni Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvləri araşdıra bilərlər”.

Google+ WhatsApp ok.ru