Həbs olunan MTN zabitləri üçün ayrıca korpus ayrılıb

Müzəffər Baxışov: «Bir kamerada saxlansalar, onlar istintaqa qarşı birləşə bilərlər»

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr gündəmin əsas mövzuları sırasındadır. Həmin qurumdan savayı, əksər nazirliklərdə də vəzifəli şəxslərin işdən çıxarılması, həbs olunanların sayının hər gün artması cəmiyyətin diqqət mərkəzində olan məsələlərdəndir.
 
Bu arada “Bizimyol” qəzeti həbs edilən vəzifəli şəxslərin Penitensiar Xidmətin  Kürdəxanıda yerləşən Bakı Istintaq Təcridxanasında   saxlanıldığı barədə məlumat dərc edib. Məlumatda bildirilib ki, təcridxananın birinci korpusunun birinci mərtəbəsində saxlanılan məhbuslar köçürülüb və kameralar həbs olunan vəzifəli şəxslər üçün hazırlanır.
 
Onu da qeyd edək ki, həbs olunanlar indiyədək ayrı-ayrı kameralarda saxlanılır. Bunun səbəbini söyləyən hüquqşünas Müzəffər Baxışov söyləyir ki, onlar bir kamerada saxlansalar, bir-biriylə məsləhətləşər və istintaqın gedişinə mane olan, həqiqətə uyğun olmayan ifadələr verə bilərlər:
 
“Onları ayrı saxlamaq daha məqsədəuyğundur. Bir kamerada saxlansalar, onlar istinaqa qarşı birləşə bilərlər. Bu şəxslər cinayətkar bir dəstənin üzvləri olaraq cinayətləri birlikdə törədiblər. Onların bir yerdə qalması istintaqı çaşdırmaq və digər mənbələrə yönəltmək üçün yalan ifadələr verilməsiylə nəticələnə bilər. Bu şəxsləri ayrı-ayrı saxlamaq və həqiqətə uyğun ifadələr verməyə  inandırmaq lazımdır. Hesab edirəm ki, bu şəxslərin ayrı-ayrı saxlanması daha məqsədəuyğundur və istintaq onların ayrı-ayrı kameralarda saxlanmasıyla düzgün addım atıb. Bu, həm də Cinayət Prosessual Məcəllənin tələblərinə tam uyğundur. Istintaq orqanı barəsində həbs qətimkan tədbiri seçilən bu və ya digər şəxslərin bir kamerada saxlanmaması barədə təcridxana rəhbərliyinə göstəriş verə bilər”.

Google+ WhatsApp ok.ru