Jurnalist Mirələm Həşimovun məhkəməsi keçirildi

Bu gün saat 09:30 radələrində CenubNews.com saytının baş redaktor əvəzi Mirələm Həşimova qarşı Masallı rayon icra başçısı Rafil Hüseynovun iddiası əsasında məhkəmə iclası baş tutub.
Proses Masallı Rayon Məhkəməsində baş tutub. İclasda çıxış edən Mirələm Həşimov ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini vurğulayıb:
"İttihamda göstərilir ki, guya adı çəkilən üç xəbərdə icra başçısı Rafil Hüseynovun şərəf və ləyaqətini alçaltmışam. Amma adı çəkilən "Masallı park bulvarını sel apardı" başlığıyla yayımlanan məqalədə (xəbərdə) nəinki Rafil Hüseynov, heç bir şəxs təhqir olunmayıb və icra başçısı sözü keçməyib, "Masallıda ağacları kəsirlər" başlığı ilə yayımlanan xəbərdə isə qeyd etmişik ki, "Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq", əgər ağacların rəhbərlik tərəfindən kəsilməsi yalan idisə onlar təkzib olaraq bizə müraciət etməli idilər. Bu günə qədər 5 ay keçib, təkzib verilməyib. Amma məhkəməyə verməyə macal tapıblar. "Rafil Hüseynov: İşıq pulunu ödəyə bilmirsənsə get özünü öldür" başlığı ilə yayımlanan xəbərdə biz, "Muxalifet.az" saytına istinad etmişik və eyni xəbər bir çox saytlarda da dərc olunub. Biz, KİV qanunlarına uyğun olaraq istinad etmişik və istinad olunan xəbərin məsuliyyəti ilk yayımlanan mənbədir. Biz istinad etməklə məsuliyyət daşımadığımızı göstəririk. Gördüyünüz kimi, hər üç xəbərdə qeyri-qanuni iş görməmişik."
Əməkdaşımız bildirib ki, məhkəmə iclasında icra başçısı Rafil Hüseynov tərəfindən iştirak edən şəxs iclas zamanı fikirlərini və ittihamı müdafiə etməkdə çətinlik çəkib.
Hakim Nemət Musayev növbəti məhkəmə iclasını dekabr ayının 1-i saat 10:00-a təyin edib.
Xatırladaq ki, Masallı rayon icra başçısı Rafil Hüseynov iddia ərizəsində jurnalistin xəbəri təkzib etməsini və 5 min manat təzminat istədiyini qeyd edib.islamazeri /

Google+ WhatsApp ok.ru