Köçkünlər Komitədən ev tələb edirlər

Köçkünlər Komitədən ev tələb edirlər

Bu gün, oktyabrın 10-da bir qrup məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında etiraz aksiyasına cəhd edib.
 
«30 uşaq məktəbə getmir»
 
Etirazçıların sözlərinə görə, onların Qaradağ rayonunda yaşadıqları hərbçi yataqxanasının vəziyyəti pisdir, bina qəzalıdır. «Bu şəraitdə illərlə yaşayırıq, artıq dözülməzdir. Komitənin sədri Rövşən Rzayev bir müddət əvvəl bizə söz verib ki, bizi «Qobu-Park» yaşayış kompleksinə köçürəcəklər. Başqa adamlar köçürüldü, biz qaldıq. İllərlə bura gəlirik, amma heç bir tədbir görmürlər. Biz normal ev istəyirik. Yaşadığımız ərazidə məktəb, xəstəxana yoxdur, avtobus işləmir. 30 uşaq məktəbə getmir», - şikayətçilərdən biri söyləyib.
 
Komitə rəsmisi: «Bir az gözləmək lazımdır»
 
Etirazçıların qarşısına çıxan Komitənin nümayəndəsi də bildirib ki, hərbi şəhərcikdə məskunlaşmış məcburi köçkünlərdən 15 ailə hələ ki evsiz qalıb:
 
 «Narazı vətəndaşlar artıq bir dəfə gəlmişdilər, cənab sədr onların nümayəndələrini qəbul etdi. Onlara bildirildi ki, Ümid qəsəbəsində ev tikilməsi üçün artıq yer ayrılıb. Sonra isə sakinlər bildirdilər ki, oradan ev istəmirlər. Hazırda biz sakinlərin yaşayış şəraitini nəzərə alaraq, onları müvəqqəti olaraq kirayəyə köçürməyə hazırıq».
 
Lakin şikayətçilərin bəziləri kirayəyə çıxmaq istəmədiklərini bildirdilər.
 
Komitənin İctimaiyyətlə əlaqələr departamentinin direktoru İbrahim Mirzəyev isə AzadlıqRadiosuna deyib ki, qəzalı mənzillərdə yaşayanlar onlarda qeydiyyata götürülüblər. Onun sözlərinə görə, müraciətləri İşçi qrup araşdırır. İ.Mirzəyev əlavə edib ki, yeni mənzillərə ilk növbədə daha çox ehtiyacı olanlar köçürülür: «1300-ailəlik «Qobu Park» yaşayış kompleksinə 5 min ailəni köçürmək mümkündür? Dövləti üçün bu gün prioritet odur ki, ora ən ağır vəziyyətdə olanlar köçürülməlidir. Digərləri mərhələli şəkildə köçürüləcək. Sadəcə bir az gözləmək lazımdır…». /azadliq.org
 

Google+ WhatsApp ok.ru