Latviyadakı səfirimizin adı rüşvət qalmaqalında

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovla bağlı bu ölkədə skandal qalxıb. Daha dəqiqi səfirin həyat yoldaşı Nəzirə Zeynalova ilə bağlı Lativiyanın Antikorrupsiya Bürosunda araşdırma başlayıb.
 
Haqqin.az saytının yaydığı məlumata görə, diplomatın xanımı sürücülük vəsiqəsi almaq üçün qanunsuz yollara baş vurub. O, Azərbaycan ənənəsindən çıxış edərək, sürücülük vəsiqəsini xüsusi kurs və təcrübə keçmədən, müəyyən məbləğ müqabilində dərhal almaq istəyib. Bu məqsədlə yerli yol hərəkəti təhlükəsizliyi direksiyasının müfəttişlərinə 500 avro təklif edib.
 
Saytın əməkdaşı rüşvət təklifi alan iki müfəttişdən biri – İvas Karlislə telefon əlaqəsi yarada bilib. Müfəttiş Azərbaycanlı xanımın sürücülük vəsiqəsi üçün rüşvət təklif etdiyini təsdiqləyib.
 
“Biz dərhal Antikorrupsiya Bürosuna zəng etdik və Azərbaycan vətəndaşı olan xanım saxlanıldı. Onu tezliklə sərbəst buraxdılar, lakin onunla bağlı iş büroda araşdırılır. Bu barədə hətta Latviya Xarici İşlər Nazirliyi də məlumatlandırılıb”, – deyə İvas Karlis baş verənləri nəql edib. Lakin müfəttiş onlara rüşvət təklif edən xanımın adını çəkməyib.
 
Həmin xanımın səfir Zeynalovun həyat yoldaşı olduğunu haqqin.az öz mənbələri ilə dəqiqləşdirib.
 
Elman Zeynalov xarici siyasət idarəsində 1993-cü ildən çalışır. Əvvəllər Azərbaycanın Ukraynadakı səfirliyində və XİN-in mərkəzi aparatında işləyib. 2005-ci ildə Bolqarıstanda səfir təyin olunub. Sonra isə iş yerini Latviyaya dəyişib.
 
Azərbaycan XİN-dən hadisəni şərh etmək istəməyiblər. azadliq /
 

Google+ WhatsApp ok.ru