Leyla Leyla Yunus Saxarov mükafatına 4 namizəddən biri oldu

Məhbus hüquq müdafiəçisi Leyla Yunus Avropa Parlamentinin təsis etdiyi Saxarov adına mükafata namizədlər siyahısında yer alıb. Xəbəri sentyabrın 24-də “Azadlıq” radiosu yayıb.

Avropa Parlamentinin 1988-ci ildə təsis etdiyi Saxarov adına mükafat hər il sadalanan nailiyyətlərə görə təqdim olunur. Mükafatın pul dəyəri 50 min avrodur.

“Azadlıq” radiosu namizədlər arasında iraqlı professor Mahmud Əl-Əsali (öldürülüb), bu ölkədən xristian dini lider Luis Rafael Sako və Ukraynanın Avromeydan hərəkatının da olduğunu bildirir. Avropa Parlamenti komitələri nominasiyaların qısaldılmış siyahısını gələn ay tərtib edəcək.

Nominasiyalar sentyabrın 23-də Avropa Parlamentinin xarici işlər və inkişaf komitələrinin, habelə insan haqları alt komitəsinin Brüsseldə keçirilən birgə iclasında müzakirə olunub.

Avropa Parlamentinin avstriyalı üzvü Ulrike Lunaçek Leyla Yunusun namizədliyini təqdim edərkən deyib ki, o, həyat yoldaşı ilə birlikdə bu yay həbs edilib: “Leyla Yunus Saxarov mükafatına layiqli namizəddir və hazırda müdafiə olunmağa ehtiyacı var.
Azərbaycanın insan haqları fəalları Leyla Yunusa bir simvol kimi baxırlar”.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus isə avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və iqtisadi cinayətlərdə ittiham olunurlar. /

Google+ WhatsApp ok.ru