Leyla Yunus daha bir Saxarov mükafatına namizəddir

Avropa Parlamentinin Saxarov adına Fikir Azadlığı mükafatına üç namizəd var. Onlardan biri, həbsdə olan azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusdur.
Digər iki namizəd - Ukraynanın EuroMaydan hərəkatı fəalı və konqolu ginekoloq Denis Mukwege-dir.
Namizədləri çərşənbə axşamı günü Avropa Parlamentinin Xarici İşlər Komitəsi və İnkişaf Komitəsi seçib.
Qalib isə oktyabrın 16-da Parlamentin Prezidenti və siyasi qrupların liderləri tərəfindən seçiləcək. Mükafatlandırma mərasimi noyabrın 26-da Fransada, Strasbourg şəhərində keçiriləcək.
Ukraynanın EuroMaydan hərakatını jurnalist Mustafa Nayem, müğənni və Eurovision qalibi Ruslana Lıjıçko, fəal Yelızaveta Sçepetılnıkova və jurnalist Tetiana Çornovol təmsil edir.
Konqolu ginekoloq Denis Mukwege zorlama qurbanlarını müalicə edir. O, Konqo Demokratik Respublikasında Bukavu şəhərindəki Panzi xəstəxanasını təsis edib.
Leyla Yunus isə Azərbaycanda hüquq müdafiəçisi və etnik azlıqların haqlarının müdafiəçisi kimi təqdim olunur.
Sovet alimi və dissidenti Andrey Saxarov adına Fikir Azadlığı mükafatı Avropa Parlamenti tərəfindən 1988-ci ildə təsis olunub. Mükafat həyatlarını insan haqlarını və azadlıqlarını, xüsusilə ifadə azadlığını müdafiə etməyə həsr edən şəxsləri mükafatlandırmaq üçün nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru