London: quruda özünə yer tapmayanlar suya sığınır

London: quruda özünə yer tapmayanlar suya sığınır

Londonda mənzillərin həddən artıq baha olması paytaxt sakinlərini qayıqlarda yaşamağa məcbur edir.
 
"Əl-Məyadin" telekanalının verdiyi məlumata görə, Londonda orta hesabla bir mənzilin qiyməti 780 000 dollardır. Halbuki, üzən ev kimi istifadə edilən qayıqların qiyməti 26 000 dollardan çox deyil.
 
"Əl-Məyadin" telekanalının müxbiri Musa Sərvər bu barədə deyir: "İngiltərədə artmaqda olan iqtisadi böhran insanlara yaşamaq üçün qayıqlara üz tutmaqdan başqa çarə buraxmayıb. İngiltərənin yeni baş naziri Tereza Mey mənzil sektorunda mövcud olan böhranla bağlı bildirib ki, bu böhranın həlli onun dövlətində başlıca prioritet olacaq. Tereza Mey həmçinin İngiltərə Parlamentinin Aşağı Palatasında etdiyi ilk çıxışında gənclərin mənzil problemini həll edəcəyi barədə üzərinə öhdəlik götürüb.
 
Tereza Mey deyib: "Leyboristlər Partiyasının hakimiyyətdə olduğu 13 il ərzində mənzil sektoru ilə bağlı dövlətin fəaliyyəti mənfi olub. Amma, mən daha çox mənzilin inşa edilməsinə səy göstərəcəm. Mən, gənclər üçün münasib mənzillərin tapılması üçün daha artıq fürsətin yaradılacağından əmin olmağa çalışacam".
 
"Əl-Məyadin" telekanalı daha sonra müxaliflərin "mənzil, tank almaq və ya nüvə silahlarını yeniləməkdən daha önəmlidir" şüarı verdiklərinə işarə edərək, bildirir: Müxaliflər gənclərin mənzil ilə təmin edilməsində dövlətin yetərsiz siyasətlərini tənqid edirlər. Bunun səbəbi isə gənclərin mənzil ilə təmin edilməsində mövcud olan ciddi problemlərdir. 1998-ciildə İngiltərədə işçi təbəqəsinin təqribən yarısı mənzil almağa qadir idisə, bu gün İngiltərədə əhalinin yalnız 25%-i mənzil almaq iqtidarındadır.
 
İngiltərədəki iqtisadi müəssisələrin proqnozlarına əsasən qarşıdan gələn 9 il ərzində bu göstərici 10%-ə qədər azalacaq.
 
Hazırda Londonda üzən evlərin sayı 2012-ci il ilə müqayisədə 57% artıb.
 
Bir ingilis işçi "əl-Məyadin" telekanalına deyib: "İqtisadi vəziyyətin ağır olması bir çoxlarını qayıqlarda yaşamağa həvəsləndirir. Londonda yaşamağın xərcləri çox yuxarıdır".
 
Bir gənc isə deyir: "Dostlarımın çoxu qayıqda yaşamağa üstünlük verirlər. Bu kanal ev kimi istifadə edilən qayıqlar ilə dolub. Belə gedərsə, qayıqlarda yaşamaq üçün lisenziyaların verilməsi şəraitinə dəyişiklik ediləcəyi gözlənilir. Hər halda qayıqlarda yaşamaq ev almağa qadir olmayanlar üçün yaxşı seçim sayılır". (sahartv)
 

Google+ WhatsApp ok.ru