İlqar Məmmədov karserə salınıb

2 saylı koloniyada cəza çəkən REAL hərəkatının lideri İlqar Məmmədov 7 sutkalığa karserə salınıb. Maide.az-ın məlumatına görə, bu barədə Turan-a onun vəkili Fuad Ağayev bildirib.
 
Bu gün vəkilə İ.Məmmədova belə cəza verilməsinin səbəblərini açıqlamayıblar və onunla görüşə icazə verməyiblər.
 
F.Ağayev Ali Məhkəmədə REAL liderinin kassasiya şikayətinə baxılması zamanı müdafiə taktikasının müzakirəsi məqsədlə İ.Məmmədovla görüşmək niyyətində olub.
 
Bundan əlavə, vəkil İ.Məmmədovla Avropa İnsan Hüquqları Məhkəməsinə ikinci şikayətin verilməsi və onun işi üzrə Strasburq məhkəməsinin birinci qərarının icrasının yubadılmasına dair  məsələləri müzairə etmək istəyib.
 
Vəkil İ.Məmmədovla görüşdən imtinanı müdafiə hüququnun kobud pozulması kimi qiymətləndirib.
 
*2013-cü il martın 17-də İlqar Məmmədov 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşlarına görə 7 il azadlıqdan məhrum edilib.
 
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun həbsini qanunsuz sayıb. Avropa məhkəməsinin qərarı ilə Azərbaycan hökuməti İ.Məmmədova 22 min avro həcmində kompensasiya verməlidir.
 
2014-cü ilin iyununda Şəki Apellyasiya Məhkəməsi Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
 
Amnesty İnternational İlqar Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb.

Google+ WhatsApp ok.ru