İlqar Məmmədov və Tofiq Yaqublu apelyasiya məhkəməsində iştirak etməyəcək

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədov Apelyasiya Məhkəməsində iştirak etmək istəmirlər. Bu barədə "Yeni Müsavat"a məlumatı vəkil Fuad Ağayev verib.
 
O bildirib ki, İlqar Məmmədovun yerinə apelyasiya prosesində onun vəkilləri iştirak edəcəklər:
 
"İlqar Məmmədov ərizə yazmışdı ki, apelyasiya prosesində iştirak etməyəcək. O bütün səlahiyyətləri öz vəkillərinə həvalə edib. Apelyasiya məhkəməsində iştirak etmək onun hüququdur. Biz də məsləhətləşdik ki, İlqar Məmmədova əlavə əziyyət verilməsinə, onu bir də Şəkiyə göndərilməsinə ehtiyac yoxdur. Eyni zamanda məndə olan məlumata görə, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu da eyni fikirdədir. O da apelyasiya məhkəməsində iştirak etməyi düşünmür".
 
Qeyd edək ki, bu ilin 13 oktyabr tarixində Ali Məhkəmədə İlqar Məmmədov və Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. /
 

Google+ WhatsApp ok.ru