Məscidlərə dövlət hesabına kitablar veriləcək...

«Biz heç zaman sünni-şiə məsələsini qabartmamışıq, özümüzü müsəlman saymışıq, islam dinini bütöv qəbul etmişik. Eyni zamanda, azərbaycanlı olaraq xalqımıza belə bir hiss yad olub ki, Azərbaycan millətindən olmayanlara xor baxaq».
 
Bunu oktyabrın 14-də millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla İmişli rayonunun ictimaiyyət nümayəndələri ilə görüşdə söyləyib.
 
Kamal Abdulla məscidlərin kitabla, dünyəvi ədəbiyyatla zənginləşdirməyin gərəkliliyini dilə gətirib:
 
«Kilsədə, senaqoqda, məbəddə çoxlu kitablar görürük, amma məscidlərimizdə «Qurani-Kərim»dən və bir neçə dini mövzuda olan ədəbiyyatdan başqa kitablar yoxdur. Niyə beş böyük poemasının hər birini Allahın, peyğəmbərin vəsfi ilə başlayan Nizaminin, ömrü boyu İmam Hüseyn məqbərəsində çalışmış və onun ayaqları altında dəfn olunmağını arzulamış Füzulinin, «Peyğəmbər» əsərinə görə repressiyaya məruz qalan Hüseyn Cavidin əsərləri bizim məscidlərdə olmasın? Niyə yeniyetmə və gənclərimiz təkcə namaz qılmağa görə yox, həm də kitab üçün məscidə gəlməsin? Bu gün məscidlərimiz maarif, mədəniyyət, vətənpərvərlik ocağı olmalıdır».

 

Google+ WhatsApp ok.ru